“AliExpress” Rusiyada avtomobillərin onlayn satışına başlayır
Çinin “AliExpress” qlobal ticarət platforması Rusiyada avtomobillərin onlayn satışına başlayır.
"BI" xəbər verir ki, “Kommersant” qəzetinin yazdığına görə, satışlara martın 5-dən başlanır. İlk olaraq “Chery” avtomobilləri satışa çıxarılacaq. “AliExpress”də onlayn mağazasını açan “Chery” şirkəti “Chery Tiggo” 3, 4, 5 və 7 modellərini, eləcə də avtomobil hissələri və aksessuarlar təklif edəcək. İlkin mərhələdə Çində yığılan avtomobillər satışa çıxarılacaq. Sonrakı mərhələdə “Chery” avtomobillərinin Rusiyada yığılması nəzərdə tutulub.
Ötən il Rusiyada Çin avtomobillərinin satışı cəmi 2 faiz təşkil edib. Ən çox satılan Çin avtomobilləri isə “Chery Tiggo” və “Lifan” olub.
Ekspertlərin fikrincə, “AliExpress”in yeni platforması ənənəvi avtomobil dilerləri ilə rəqabət aparacaq. Lakin sürücülərin texniki xidmətlər, təmir və “test-drayv” ehtiyaclarını nəzərə alsaq, bu rəqabətin güclü olacağı ehtimal edilmir.