Azərbaycan bankları xaricdə saxladıqları aktivləri azaldırlar. SƏBƏBİ NƏDİR?
Azərbaycan bankları xaricdə saxladıqları aktivləri azaldırlar. Bankların analitik balansına baxsaq, xarici aktivlərində artım dinamikası iyun ayından dayanıb və əksinə azalmaya keçib. Azərbaycan Mərkəzi bankının məlumatlarına görə, xalis xarici akitvlərin həcmi may ayında 6 milyard 643 milyon manat olduğu halda, avqustun 1-nə bu rəqəm 4 milyard 849 milyon manata düşüb. Yəni, 2 ayda xalis xarici aktivlər 27 faiz azalıb.
Niyə?
Xarici aktivlər bankların xaricdə saxladıqları vəsaitlərdir, yəni hesablar, depozitlər, qiymətli kağızlar və s. Bu azalmanın bir neçə səbəbi ola bilər. Bunlardan birincisi likvidlik ehtiyaclarıdır. Belə ki, banklar ölkədaxili kreditləşmə və ya ödənişlər üçün xaricdə saxladıqları aktivlərin bir hissəsini geri çəkiblər. İkincisi, valyuta bazarında tələbatla bağlı manata olan təzyiq artdıqda, banklar valyuta sataraq daxili bazarda stabilliyə dəstək verə bilər. Üçüncüsü investisiya yönümlü qərarlar üzündən ola bilər ki, bu indiki halda daha az ehtimal olunan versiyadır. Yəni, xarici aktivlərdən gəlirlilik aşağıdırsa, məsələn, qlobal faizlərdə dəyişiklik səbəbi ilə banklar vəsaiti ölkə daxilində daha gəlirli istiqamətlərə yönəldə bilərlər.
Xarici öhdəliklər artır
Həmçinin öhdəliklərdə müəyyən dəyişikliklər var. Belə ki, 2024-cü ilin avqustun 1-nə bankların xarici borcları 2 milyard 519 milyon manat olduğu halda, bu ilin eyni dövründə 2 milyard 740 milyon manatdır, artım 9%-dir.
Nəyi göstərir?
Xarici öhdəliklər bankların xaricdən cəlb etdikləri borc və kreditlərdir. Artım göstərir ki, banklar xarici maliyyə mənbələrinə çıxışdan istifadə ediblər. Daxildə artan kredit tələbatını ödəmək üçün əlavə resurs cəlb olunub. Müsbət tərəfdən baxsaq, bu, həm də bankların xarici tərəfdaşlarla əlaqələrinin möhkəmləndiyini göstərə bilər.


















