Statuslar

Əsas səbəblərdən biri ölkədən qarşısını ala bilmədiyimiz nəhəng kapital çıxışı idi

Mərkəzi Bankın sədri Elman Rüstəmov bu gün TV-lərdən birinə müsahibəsini izlədim. 

Baxandan sonra gəldiyim ilk qənaət: Azərbaycanda indiyədək 2015-ci ildə baş verən və milli valyutanın kəskin dəyər itirməsi ilə nəticələnən devalvasiyanın obyektiv səbəbləri çox səthi qiymətləndirilib. Güman ki, yaxın tariximizdə iqtisadiyyatın tarixi ilə məşğul olan araşdırmaçılar, iqtisadiyyat tədqiqatçıları bizdən daha dərin və peşəkar qiymət verəcək bu prosesə. 

2015-də baş verənlərin niyə obyektiv qiymətlənidirilməsinə ehtyac var? Çünki Azərbaycan dövlətinin 2016-2018-ci illərdə Beynəlxalq Banka görə ödədiyi ən azı 5-6 mlrd. dollarlıq bədəlin, Təminat Fondu vasitəsilə dövlət şirkətlərinin borclarının ödənilməsinə Mərkəzi Bankın mənfəəti hesabına yönəldilən ən azı 3.5 mlrd. dollarlıq vəsaitin, ləğv olunan banklar adından dövlətin vətəndaşlara ödədiyi az qala 500 mln. dollar depozitin, bu gün bank sektorunun sağlamlaşdırılması üçün tələb olunan ən azı 1 mlrd dollar vəsaitin səbəbi məhz həmin devalvasiyaya gedib çıxır.

Biznesin devalvasiya nəticəsində düşdüyü zərərləri də yazıram bir tərəfə. Bütün bunları üst-üstə gələndə az qala Azərbaycanın hazırkı ÜDM-nin yarısı qədər iqtisadiyyat üçün itki var ortada. 

Mərkəzi Bank sədri dedi ki, devalvasiyanın səbəbi neftin qiymətinin ucuzlaşması oldu. Halbuki neftin qiyməti cəmi 3-5 ay idi düşürdü, milli valyuta çökdü. Sədr onu demədi ki, əsas səbəblərdən biri ölkədən qarşısını ala bilmədiyimiz nəhəng kapital çıxışı idi. Məhz 2015-ci ildə maliyyə hesabında ölkə tarixində görünməyən həddə - 10 mlrd. dollara yaxın defisit yaranmışdı. Qeyri-rəsmi kanallarla ölkədən qaçan kapitalı da bunun üzərinə gələndə mənzərə daha aydın görünür.

Kimsə demir ki, buna qədərki 10 il ərzində neft pulları hesabına hər il kosmik sürətlə böyüyən büdcə, həmin büdcənin psi xərclənməsi hesabına manatla formalaşan nəhəng şəxsi kapital bir gün özünə risk hiss edəndə dollara çevrilib ölkədən qaçmağa ehtiyac duyacaq. Həmin qaçış anı da məhz neftin qiymətinin yaratdığı panika əsnasında 2015-ci ilə təsadüf etdi.

Neftin ucuzlaşması devalvasiyanı qaçılmaz edə bilərdi - amma qısa vədədə elə kəskin miqyasda deyil. Bu məsələdə neftin günahı ilə yanaşı maliyyə-bank sektorunda uzun illər hökm sürmüş yanlış menecmenti də vurğulamaq ədalətli və özünə tənqidi yanaşma olar.
Qısası bu gün vətəndaşlarımızın haqlı olaraq aldığı kompensasiyanı, amma iqtisadiyyatımızın ödədiyi bədəli yaradan səbəbləri sadalayanda çox obyektiv olmaq lazımdır...

 

İqtisadçı ekspert Rövşən Ağayev

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)