Sənaye

Azərbaycan investisiyalı STAR zavodu təyyarə yanacağı istehsalını artırdı

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR Neft Emalı Zavodu (NEZ) 838 min 224 tona yaxın reaktiv mühərriklər üçün kerosin yanacağı (aviayanacaq) istehsal edib.

Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumunun açıqladığı məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 296 min 936 ton və ya 54,8 % çoxdur.

İyun ayında isə STAR NEZ 178 min 721 tona yaxın reaktiv mühərriklər üçün kerosin yanacağı (aviayanacaq) istehsal edib ki, bu da bir il öncəki dövr ilə müqayisədə 66 min 178 ton və ya 58,8 % çoxdur.

Ümumilikdə, bu ilin yanvar-iyun aylarında Türkiyədə neft emalı zavodları tərəfindən 3 milyon 204 min 351 tona, iyunda 625 min 560 tona yaxın reaktiv mühərriklər üçün kerosin yanacağı (aviayanacaq) istehsal edilib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 612 min 491 ton (23,6 %) və 57 min 849 ton (10,2 %) çoxdur.

Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Zavod ildə 13 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə "Urals", "Azeri Light" və "Kərkük" neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)