“TBC Kredit BOKT” öz istəyi ilə ləğv edilib

Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin birinci müavini Əliyar Məmmədyarov 15 iyul 2025-ci il tarixində Gürcüstanın “TBC Bank Qrup”unun nümayəndəsi, Özbəkistan “TBC Bank”ının İdarə Heyətinin sədri və Azərbaycanda fəaliyyət göstərən “TBC Kredit bank olmayan kredit təşkilatı” MMC-nin Müşahidə Şurasının üzvü Spartak Tetraşvilini qəbul edib.
Məlumata görə, görüşdə Azərbaycanın və regionun maliyyə sistemi üzrə tendensiyaları ətrafında müzakirələr keçirilib, maliyyə sektorunun inkişafı istiqamətində yeni strateji çağırışlar və hədəflər barədə fikir mübadiləsi aparılıb.
S.Tetraşvili AMB tərəfindən bank olmayan kredit təşkilatlarının fəaliyyətinin tənzimlənməsi və onların inkişafı məsələlərinə toxunaraq, bu sahəyə indiyə qədər göstərilmiş dəstəyə görə təşəkkürünü bildirib. O, həmçinin “TBC Bank Qrup”u tərəfindən strategiyasında edilmiş dəyişikliyə müvafiq olaraq, “TBC Kredit BOKT”nin fəaliyyətinin dayandırılması və bu məqsədlə AMB-nin həmin təşkilatın lisenziyasının könüllü ləğvi üçün müraciət edildiyini qeyd edib.
Yekunda, “TBC Bank Qrup”unun gələcəkdə Azərbaycan maliyyə sektoruna qayıdışı perspektivləri müzakirə edilib və Qrupun növbəti fəaliyyətinə uğurlar arzulanıb.
Əlavə olaraq qeyd edək ki, “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.1-ci maddəsinə əsasən “TBC Kredit BOKT” MMC tərəfindən təqdim edilmiş ərizədən irəli gələrək AMB-nin İdarə Heyətinin 17.07.2025-ci il tarixli Qərarı ilə ona verilmiş 29.02.2000-ci il tarixli, 111-KB nömrəli müvafiq lisenziya könüllü əsasla ləğv edilib. Təşkilatın hesabatlarına əsasən, müvafiq tarixə fiziki şəxslər qarşısında öhdəlikləri mövcud deyil.
“Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununun 25.4-cü maddəsinə əsasən, bank olmayan kredit təşkilatı lisenziyasının ləğv edilməsi haqqında qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən olunmuş qaydada ləğv edilir.
“TBC Kredit” BOKT 2024-cü ili 71 min manat xalis mənfəətlə başa vurub. Bu, 2023-cü ildəki 1,265 milyon manatlıq mənfəətlə müqayisədə 18 dəfə azalma deməkdir. Ötən ilin sonunda faiz gəlirləri 5 milyon manatı keçsə də, əməliyyat xərcləri və ehtiyat ayırmaları səbəbindən vergidən əvvəlki mənfəət cəmi 225 min manat olub. Ən böyük xərc isə 2,5 milyon manatla işçi heyəti xərcləri olub.
Aktivlər 20,5 milyon manatdan 13,9 milyon manata düşüb, əsas səbəb kredit portfelində və pul vəsaitlərində azalmadır. 2024-cü ilin sonunda müştərilərə verilən kreditlər 9,2 milyon manat olub.
Öhdəliklər 8,8 milyon manatdan 2 milyon manata düşsə də, kapital 11,8 milyon manat səviyyəsində qalıb. Keçən il filial sayı 4-dən birə endirilib.
“TBC Kredit” 1999-cu ildə yaradılıb və 100%-i Gürcüstanın “TBC Bank”ına məxsusdur.(TASS)