HI-TECH

Meta Ray-Ban istehsalçısına 3,5 milyard dollar sərmayə yatırdı

Meta şirkəti məşhur Ray-Ban markasının sahibi olan EssilorLuxottica konserninə 3,5 milyard dollar investisiya yatırıb. Bu barədə Bloomberg agentliyi məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Meta bu investisiyaya qarşılıq olaraq EssilorLuxottica-nın təxminən 3% səhm paketini əldə edib. Gələcəkdə bu pay 5%-ə qədər artırıla bilər.

Meta-nın 2024-cü ilin iyul ayında 5%-lik pay almaq istədiyi barədə xəbərləri daha əvvəl Financial Times və The Wall Street Journal da yayımlamışdı. Bloomberg isə həmin vaxt 3%-lik niyyət barədə yazmışdı.

Süni intellekt və “ağıllı” eynəklər

Meta bu addımla EssilorLuxottica ilə ortaq tərəfdaşlığı möhkəmləndirməyi hədəfləyir. Eyni zamanda bu saziş, Meta rəhbəri Mark Zukerberqin süni intellekt sahəsindəki planlarına uyğun gəlir. Şirkət artıq bir neçə ildir ki, EssilorLuxottica ilə birlikdə “ağıllı” eynəklər istehsal edir.

İlk ağıllı eynəklər 2021-ci ildə, onların təkmilləşdirilmiş versiyası isə 2023-cü ildə təqdim olunub. 2025-ci ildə isə idmançılar üçün nəzərdə tutulan Oakley brendi altında yeni ağıllı eynəklər istifadəyə verilib.

EssilorLuxottica haqqında

EssilorLuxottica — qərargahı Fransada yerləşən və dünyada optik məhsullar istehsalında lider olan şirkətlərdən biridir. Şirkətə Ray-Ban və Oakley kimi məşhur markalarla yanaşı, Jimmy Choo, Swarovski, Dolce & Gabbana kimi brendlərlə bağlı eynək istehsalı üzrə lisenziyalar da məxsusdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)