Azərbaycanda I yarımildə 67 milyon manat güzəşli ipoteka kreditləri verilib

Bu ilin I yarısında İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ötən ilin eyni dövrü ilə müqayisədə 1 % çox - 232,5 milyon manat kredit verilib ki, bunun da 67 milyon manatlıq hissəsi (3,7 % çox) güzəştli ipoteka kreditləri olub.
Bu barədə Fonddan məlumat verilir.
Məlumata görə, yanvar-iyun aylarında verilmiş adi ipoteka kreditlərinin hesabına 1 il əvvələ nisbətən 13,3 % az - 1 483, güzəştli ipoteka kreditlərinin hesabına isə 39 % az - 789 vətəndaşın və yaxud ailənin mənzil şəraiti yaxşılaşıb.
6 ay ərzində verilmiş kreditlərin orta məbləği 102 340 manat təşkil edib ki, bu da illik müqayisədə 12,5 % çoxdur.
Ümumilikdə indiyə qədər Fondun vəsaiti hesabına 3,55 milyard manatlıq kredit verilib ki, bu da 54,8 min ailənin mənzil şəraitinin yaxşılaşdırılmasına imkan verib. İpoteka kreditlərindən faydalananların 67 %-i gənclər və gənc ailələrdir.
Bu il iyulun 1-nə Fond şəxsi yığımları yetərli olmayan əhalinin daha aşağı ilkin ödənişlə ipoteka kreditindən faydalanmasını təmin etmək məqsədilə 116,8 milyon manat məbləğində 1 294 ipoteka krediti üzrə zəmanət verib.