Sosial iqtisadiyyat

Azərbaycanda qaz təchizatı sektorunun inkişafı üçün dövlət proqramları qəbul ediləcək

Azərbaycanda qaz təchizatı sektorunun inkişafı məqsədilə dövlət proqramlarının qəbul edilməsi nəzərdə tutulur.

Bu, “Qaz təchizatı haqqında” qanun layihəsində öz əksini tapıb.

Sənəd Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, qaz təchizatı sektorunun inkişafı məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) qısamüddətli (5 il müddətinə), orta müddətli (5 ildən 10 ilədək müddətə) və uzunmüddətli (10 ildən yuxarı müddətə) dövlət proqramları qəbul edəcək.

Qaz təchizatı sektorunun inkişafı məqsədilə dövlət proqramı layihələrinin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunda nəzərdə tutulmuş qaydada strateji ekoloji qiymətləndirmə sənədi hazırlanacaq və həmin sənədin dövlət ekoloji ekspertizası həyata keçiriləcək.

Layihəyə görə, qaz təchizatı obyektlərinin layihələndirilməsi, tikintisi, genişləndirilməsi və yenidən qurulması Şəhərsalma və Tikinti Məcəlləsinə, şəhərsalma və tikintiyə dair digər normativ hüquqi aktlara, o cümlədən texniki normativ hüquqi aktlara uyğun olaraq həyata keçiriləcək.

Qaz təchizatı obyektlərinin tikintisi, genişləndirilməsi, yenidən qurulması, təmiri və istismarı məqsədilə torpaq sahələri üzərində hüquqlar torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq əldə ediləcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)