Gündəm

Stomatoloqlardan pul tələb edilməsi ilə bağlı TƏBİB-dən açıqlama

Şəhər və rayon tibb mərkəzlərində çalışan stomatoloqlardan aylıq 1 200 manat icarə haqqı tələb edilir. Paytaxtda yerləşən dövlət tibb müəssisələrində isə bu rəqəm 1 800 manat təşkil edir.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) bildirilib ki, son dövrlərdə stomatoloji xidmətlərin təşkili və bu sahədə şəffaflığın artırılması məqsədilə müəyyən təhlil və qiymətləndirmə işləri aparılmışdır:

“Bu qiymətləndirmələr zamanı müxtəlif regionlarda fəaliyyət göstərən stomatoloqların xidmət həcmi və mövcud şərait araşdırılmışdır. Ödənişlərin rəsmi nağdsız ödəniş sistemi (POS-terminal, bank köçürməsi və s.) üzərindən keçirilməməsi, yəni müəssisənin maliyyə uçotundan yayınması halları müşahidə edilmişdir.

Qeyd edirik ki, stomatoloji xidmətlər icbari tibbi sığorta təminatına daxil olmayan və ödənişli əsaslarla göstərilən tibbi xidmətlərdir. Say etibarilə 149 sayda tibbi xidmət olub, tarifləri “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 3-cü hissəsinə və Azərbaycan Respublikası Prezidentinin 1 may 2023-cü il tarixli 2130 nömrəli Fərmanı ilə təsdiq edilmiş TƏBİB-in Nizamnaməsinin 3.1.7-ci yarımbəndinə əsasən TƏBİB-in Müşahidə Şurasının “TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən Xidmətlər Zərfinə daxil olmayan və ödənişli əsaslarla əhaliyə göstərilən tibbi xidmətlərin, habelə sığortaolunan hesab edilməyən şəxslərə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərinə dəyişiklik edilməsi haqqında” 18 sentyabr 2023-cü il tarixli 20-Q/2023 nömrəli Qərarı ilə təsdiqlənmişdir.

Hazırda tərəfimizdən təhlillərin məqsədi stomatoloji xidmətlərin daha keyfiyyətli təşkili, ədalətli resurs bölüşdürülməsi və tibbi infrastrukturun dayanıqlı maliyyələşdirilməsi yollarını araşdırmaqdır.

Narahatlıqları anlayışla qarşılayırıq və bildirmək istəyirik ki, istənilən qərar hüquqi əsaslandırma və mərhələli tətbiq prinsipi ilə həyata keçiriləcək.

TƏBİB olaraq qarşılıqlı əməkdaşlıq və açıq dialoq prinsiplərinə əsaslanaraq həm stomatoloji xidmət göstərən həkimlərin, həm də pasiyentlərin maraqlarını qorumağa davam edəcəyik”, – deyə məlumatda qeyd olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)