Sosial iqtisadiyyat

Azərbaycanda rayonların inkişaf planı hazırlanır

Azərbaycanda rayonlar üzrə, eləcə də bələdiyyələr səviyyəsində yerli inkişaf planları hazırlanır. İqtisadiyyat Nazirliyinin tərəfdaşlığı ilə həyata keçirilən "Gəncə-Qazax İqtisadi Rayonunda Yerli və Regional İnkişafa Dəstək" layihəsi Avropa İttifaqı və Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi adından Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən icra olunur. Layihə çərçivəsində ilk üç pilot rayonun – Gədəbəy, Daşkəsən və Tovuzun inkişaf planları artıq hazırdır.

Gəncə şəhəri , Qazax və Göygöl rayonlarının inkişaf planlarının hazırlanması ilə bağlı birinci mərhələ  yekunlaşıb və əldə olunan məlumatların üzərində planın ilkin versiyası tərtib edilir. Qarşıda isə, Gəncə-Qazax iqtisadi rayonuna daxil olan digər inzibati rayonların inkişaf planlarının hazırlanmasını başa çatdırmaq kimi böyük bir işin icrası dayanır.

Rayon inkişaf planı özündə kəndlərdəki sosial-iqtisadi məsələlərini əks etdirən bələdiyyələrin hazırladıqları yerli inkişaf planlarını da ehtiva edir. Məsələn, Tovuz, Gədəbəy və Daşkəsən rayonlarının inkişaf planlarına ümumilikdə 18 bələdiyyənin yerli inkişaf planları inteqrasiya edilib. Qeyd edək ki, bələdiyyələrin yerli inkişaf planları yerli qanunvericiliyə, beynəlxalq təcrübəyə əsaslanan və Ədliyyə Nazirliyi tərəfindən tövsiyə edilən metodika əsasında hazırlanıb.

İnkişaf planları üzrə işlər iki əsas mərhələyə bölünür. Birinci mərhələdə şəhər və ya rayonun sosial-iqtisadi inkişafının diaqnostikası aparılır və ikinci mərhələdə əldə olunan nəticələr əsasında gələcək inkişaf planı hazırlanır.

Hər iki mərhələdə dövlət qurumları və təşkilatlarının iştirakı ilə keçirilən silsilə seminarlarda müxtəlif təhlil metodologiyaları əsasında sosial-iqtisadi çətinliklər müəyyən edilir,  problemlərin həlli yolları, bunun üçün lazım olan resurslar, müvafiq qurumların rolu, məsuliyyəti və əməkdaşlıq imkanları vahid plan formasına salınır.

Hər bir şəhər və ya rayonun sosial-iqtisadi inkişaf vəziyyətinin təhlilinin aparılması məqsədilə  xüsusi tədqiqat qrupu formalaşdırılır. Qrupa GİZ-in,  İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Tədqiqatlar İnstitutunun, yerli icra hakimiyyətinin və digər dövlət qurumlarının əməkdaşları daxildir. Diaqnostik təhlillər üçün baza kimi milli və yerli səviyyələrdə statistik məlumatlar, nazirlik və beynəlxalq təşkilatların hesabatlarından istifadə edilir. Əldə olunan nəticələr 25-30-a yaxın qurumun iştirakı ilə müzakirə edildikdən sonra hesabata daxil edilir və təsdiq edilməsi üçün yerli icra hakimiyyətinə təqdim edilir.

Vurğulamaq yerinə düşər ki, diaqnostik seminarlar hər bir rayonu ayrılıqda daha yaxşı öyrənməyə, onun real inkişaf istiqamətlərini araşdırmağa imkan yaradır. Seminarlarda geniş istifadə olunan GZİT (Güclü, Zəif, İmkan və Təhlükələr) təhlili əsasında aparılan diaqnostika  zamanı mütəxəssislər hər bir rayonun inkişaf planının hazırlanmasında və həyata keçirilməsində  güclü vəzəif tərəfləri, mövcud imkan vətəhlükələri araşdırırlar. GZİT təhlili iki istiqamətdə gedir. Birinci, güclü tərəfimizi necə istifadə edə bilərik ki, imkanlarımızdan tam yararlana bilək və ikinci, zəif tərəflərimizi necə aradan qaldıra bilərik ki, imkanlarımızdan istifadəyə mane olmasın. Güclü və zəif tərəflər daxili, imkanlar və təhlükələr isə daha çox xarici faktorlardır. Eyni zamanda seminarlarda “problem ağacı” təhlil aləti vasitəsilə şəhər və rayonlarda sosial-iqtisadi və ətraf mühitlə bağlı əsas problemlər, onları yaradan səbəblər müəyyən edilir.  Bundan sonra planlaşdırma başlayır və bu zaman “problem” ağacı “məqsəd” ağacına çevrilir, fəaliyyətlər hazırlanır, məntiqi çərçivə yaradılır, onun büdcəsi və indikatorları tərtib olunur.  

Hazırda "Gəncə-Qazax İqtisadi Rayonunda Yerli və Regional İnkişafa Dəstək" layihəsi bu planların əsas mərhələlərini işləmək üçün 16 seminar fasilitatorları da  yetişdirib. Onların arasında, Tovuz, Qazax, Gədəbəy, Daşkəsən rayon icra hakimiyyətlərinin əməkdaşları, Azərbaycan Dövlət Aqrar Universitetinin, GİZ-in və QHT-lərin nümayəndələri də yer alır.

Qeyd edək ki, şəhər və ya rayon inkişaf planının hazırlanmasında tətbiq olunan diaqnostik təhlil üsulları İqtisadiyyat Nazirliyi ilə razılaşdırılmış metodologiya əsasında aparılır. Bundan başqa, inkişaf planındakı mərhələlər üzrə atılacaq bütün addımlar hesablanır, işin keyfiyyəti, çəkiləcək xərclərin büdcələri  açıqlanır və alınan nəticələr yekun sənəddə öz əksini tapır. Bu isə imkan verir ki, hökumət birbaşa hər bir rayonun, yerli idarəetmə orqanlarından gələn təklifləri dəyərləndirərək, prioritetləri seçə bilsin və büdcədən ayrılan vəsaitlərin şəffaf xərclənməsinə, birbaşa məqsədə yönəlməsinə, üstəlik hesabatlılığın yüksəlməsinə nail olsun.

Bəs inkişaf planlarının hazırlanması prosesi necə keçir, fərqli qurumların gördüyü çətinliklər və təklif etdikləri çıxış yolları nədən ibarətdir? Bu barədə demək yox, iştirakçı olmaq çox maraqlıdır. Nümunə üçün qeyd edək ki, GİZ-in Gəncədə keçirdiyi Gəncə şəhərinin inkişaf planı üzrə hazırlıq mərhələsinin əsas hissəsi, şəhərin sosial-iqtisadi inkişafının diaqnostikası seminarı üç gün davam etdi. Seminarda qoyulan çətinliklər, təklif olunan müxtəlif inkişaf yolları, bunun üçün fərqli maliyyə mənbələrinin seçilməsinə dair irəli sürülən hər bir arqument diqqətlə dinlənildi, müzakirə olundu və nəticələr qeydə alındı.

Birinci mərhələdə Gəncə şəhərinin diaqnostikası aparıldı. Burada şəhərə aid sosial-iqtisadi və ətraf mühit məsələləri şəhər icra hakimiyyətinin müvafiq qurumları, şəhərdə yerləşən və fəaliyyət göstərən digər müəssisə və təşkilatların iştirakı ilə müzakirə edildi. Bu mərhələnin yekunu olaraq müxtəlif mənbələrdən və seminar iştirakçılarından əldə edilən məlumatlar əsasında Gəncə şəhərinin sosial-iqtisadi inkişafının diaqnostik hesabatı hazırlanır. Bu hesabat həm də şəhərin sosial-iqtisadi göstəricilərinin təhlilini özündə əks etdirən etibarlı məlumat mənbəyidir ki, icra hakimiyyəti şəhərin inkişafında bundan müxtəlif məqsədlər üçün istifadə edə bilər.

Nəticə etibarilə yekunda iki məhsul alındı: şəhərin sosial-iqtisadi inkişafı vəziyyətinin diaqnostik hesabatı və  şəhərin gələcək inkişaf planı. Hər iki sənədin İqtisadiyyat Nazirliyi və Gəncə şəhər icra hakimiyyəti ilə razılaşdırılması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi ilə pilot inkişaf planlarının strukturu razılaşdırıldıqdan sonra Gəncə-Qazax iqtisadi rayonuna daxil olan bütün inzibati şəhər və rayonlar üçün inkişaf planları hazırlanacaq.

Bununla yanaşı, Almaniya Beynəlxalq Əməkdaşlıq təşkilatı hələ 2014-cü ildə  qanunvericiliyə və beynəlxalq praktikaya uyğun olaraq yerli inkişaf planlarının hazırlanması üçün metodologiyanı da hazırlayıb. Bu sənəd bələdiyyə inkişaf planlarının hazırlanması üçün metodiki vəsait kimi qəbul olunub və artıq bir neçə ildir ki, bələdiyyələrdə tətbiq olunmağa başlayıb. Nəticədə  43 bələdiyyənin yerli inkişaf planları yazılıb. Bunlardan 32-si kənd, 5-i qəsəbə, 4-ü rayon mərkəzində yerləşən, 2-si isə sırf şəhər bələdiyyəsidir.

Maraqlı bir nüansı da qeyd edək ki, yuxarıda göstərildiyi kimi, hər bir rayonun diaqnostik seminarını azərbaycanlı təlimçilər aparır və onların əksəriyyəti dövlət qulluqçusu olmaqla müxtəlif qurumları təmsil edirlər. Təlimçilər bu təlimlərdə maraqlı tərəf olduğundan işin keyfiyyətinə nəzarət edən almaniyalı mütəxəssis, "Gəncə-Qazax İqtisadi Rayonunda Yerli və Regional İnkişafa Dəstək" layihəsi üçün rayon inkişaf planlarının hazırlanmasına rəhbərlik edən Witold Sartorius-dan yerli kadrlarımızla bağlı rəyini aldıq.

“Səmimi deyəcəyəm ki, yerli kadrların səviyyəsi mən düşündüyümdən yaxşıdır. Hiss olunur ki, təkcə mərkəzdə deyil, artıq regionlarda da işi bacaran işçilərə üstünlük verirlər. Bizim keçirdiyimiz seminarlarda yerli təlimçilərin və rayonun məsul qurumlarının nümayəndələrinin iştirakı ilə diaqnostik məlumatlar toplanır, ilk növbədə hansı problemləri necə həll etməliyik, bunun üçün plan hazırlanır. Biz heç bir layihəni diaqnostik təhlil aparmadan başlamırıq. Çünki dünyanın hər yerində, dövlətlərin fərqi yoxdur, pul həmişə çatmır. Buna görə də ilk növbədə vacib olan problemlərin həllini önə keçirmək lazımdır”.

Maraqlı faktlar: Daşkəsəndə rayonun sosial-iqtisadi diaqnostikası zamanı inkişaf hədəfləri arasında turizm, kənd təsərrüfatı, arıçılığın inkişafı üçün imkanlar olduğu vurğulanıb. Eləcə də filiz emalı müəssisəsinin özəlləşdirilməsi nəticəsində əhali üçün xeyli sayda iş yerlərinin yaranacağı vurğulanıb. İnfrastruktur layihələri arasında təhsil və səhiyyə ilə bağlı məsələlər daha çox vurğulanıb.  

Gədəbəydə kənd təsərrüfatı, turizm, arıçılıq ilə yanaşı, yun emalı, mineral suyun qablaşdırılması, filiz mədənlərinin işlənməsi, xüsusən də mərmər sexinin fəaliyyətə salınmasını təklif ediblər.

Gəncə şəhəri isə bildiyimiz kimi, sənaye şəhəri kimi tanınıb və burada hələ keçmiş sovet vaxtından qalma zavodların işi yenidən bərpa oluna bilər. Eyni zamanda çini qablar, şirniyyat, ədviyyat məhsullarının istehsalı, xalça zavodun işinin bərpa olunması təklif olunub. Bununla yanaşı, Gəncə nəqliyyat dəhlizi, turizm məkanı kimi də böyük imkanlara malikdir.  

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department