Azərbaycanda insanlar niyə evini sığortalamır? - Cəmi 50 manatadır
Bu yaxınlarda baş verən zəlzələ nəticəsində Şamaxıda onlarla ev yaşayışa yararsız hala düşdü. Təbiət hadisəsi qarşısında insanlar çarəsiz qaldılar və nəticələri aradan qaldırmaq, vətəndaşlara dəyən maddi ziyanı ödəmək yenə də dövlət büdcəsinin ümidinə qaldı.
Könüllü əmlak sığortası azalıb
Halbuki əmlak sığortası Azərbaycanda məcburi xarakter daşıyır və əmlakı olan hər bir şəxs onun sığortasını təmin etməlidir. Üstəlik, nəzərə alsaq ki, bu sığortanın illik qiyməti cəmi 30-50 manat təşkil edir.
"Businessinsider.az" xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı aylıq hesabata görə, 2019-cu ilin yanvar ayı üzrə nəticələr könüllü əmlak sığortasının 10 milyon manat olduğunu göstərir.
Bu vəsaitin yalnız 3 milyon 170 min manatı əmlakın yanğından və digər risklərdən qorunması sığortasıdır və 2018-ci ilin yanvarı ilə müqayisədə, 295,7 min manat və ya 8,5% azdır.
Sığortanın vacib olduğunu nəzərə alsaq, toplanan sığorta vəsaitlərinin həcmi artmalıdır, amma bizdə, yuxarıda qeyd etdiyimiz kimi, azalır. Məsələn, 2018-ci ilin yanvar ayında əmlakın yanğından və digər risklərdən qorunması ilə bağlı könüllü sığorta haqqı 3 milyon 465 min manat olduğu halda, bu il yanvarın sonuna 3 milyon 170 min manata düşüb.
Əsasən korporativlərdir
Əminik ki, bu vəsaitin də çoxu hansısa obyektlər üzrə riskləri qarşılayır, yəni fərdi yaşayış mənzillərini könüllü sığortalayanların sayı Azərbaycanda azdır. Sığorta bazarının tanınmış ekspertlərindən biri Xəyal Məmmədxanlının sözlərinə görə, doğrudan da, əmlakın könüllü sığortasında iştirakçılar - iri ticarət obyektləri, zavod, müəssisələr, bankların binaları və s. korporativ müştərilərdir və əhalinin bu sığorta məhsulundakı payı çox aşağıdır.
Könüllü əmlak sığortasının azalmasının səbəbinə gəlincə, ekspert hesab edir ki, Azərbaycan böhrandan yeni çıxıb və könüllü sığorta daha çox rifah səviyyəsi və insanların gəlirləri ilə bağlı olduğuna görə bu azalmanın olması mümkün idi.
X.Məmmədxanlının fikrincə, bu ildən könüllü əmlak sığortası ilə bağlı göstəricilərin yaxşılaşmasına ümid böyükdür.
Əmlakını məcburi sığorta edənlər çoxalıb
Onu da qeyd edək ki, məcburi əmlak sığortası çox ucuz sığorta növlərindən biridir. Belə ki, Bakıda evlərin icbari sığortası illik 50 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 40 manat, digər yaşayış məntəqələrində isə 30 manat təşkil edir.
Əgər statistikanı müqayisə etsək, məlum olur ki, 2018-ci ildə məcburi qaydada əmlakı sığorta olunanların hesabına 3 milyon 550 min manat sığorta haqqı yığılıb. 2019-cu ilin yanvarında isə bu rəqəm 5 milyon 947 min manata yüksəlib, yəni evini məcburi qaydada sığortalayanların sayı artıb. Eyni zamanda, sığorta ödənişlərinin həcmi ötən bir ildə 62 min manatdan 306 min manata yüksəlib.
Ekspertin fikrincə, mövcud əmlak bazarının həcmini nəzərə alsaq, Azərbaycanda əmlak sığortasının həcmi çox kiçikdir. Belə ki, bu bazarın potensialı 60 milyon manat civarında qiymətləndirilsə də, hazırda toplanan sığorta haqları cəmi 5 milyon manatdır, yəni 12 dəfə daha azdır.
Azərbaycanda əmlakın icbari sığortası, yəni məcburi olması ilə bağlı cəza mexanizmi və cərimələr də var. Amma bu sığorta növü işləmir, çünki sığorta haqlarının yığılma mexanizmi və yaxud da bunu yığacaq qurum tam aydın deyil.
“Azərbaycanda zəlzələlər, yanğınlar olur. Avtomobilini sığorta edənlərə əmlak sığortasını təklif edirik ki, cəmi 50 manat ödəməklə, əmlakını sığortalaya bilər, inanın ki, 100 nəfərdən 50-60-ı bunu edir. Ev hər kəs üçün dəyərlidir, normal şəkildə insanları maarifləndirsəydilər ki, bu sığorta nə üçün lazımdır, əminəm, insanlar bunu alardılar”.
Sığorta şirkətləri fəallaşmalıdır
Bu maarifləndirmə işləri isə sığorta şirkətlərinin üzərinə düşür, çünki nəticədə, onların müştərilərinin sayı arta bilər. Əgər nəzərə alsaq ki, əmlak sığortasında risklər avtomobillərin icbari sığortası ilə müqayisədə, kifayət qədər aşağıdır, başqa sözlə, sığorta şirkətinin bu məhsul üzrə gəlirləri daha çox ola bilər, deməli, sığortaçılar marketinq strategiyasına əmlak sığortası ilə bağlı fəaliyyətləri daxil etməli və bu sığorta növü, onun faydaları haqqında insanları məlumatlandırmalıdırlar.
Eyni zamanada, İcbari Sığorta Bürosu da bu məsələ ilə bağlı öz məsuliyyəti çərçivəsində işlər görməlidir və qurumun işi yalnız göstəriciləri açıqlamaqla kifayətlənməməlidir.