Neft Fondunun valyuta ehtiyatları 63 milyard dollara çatıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2025-ci il mart ayının 31-nə ARDNF-nin aktivləri 2024-cü ilin sonuna (60 031,4 milyon ABŞ dolları) nisbətən 4,5% artaraq 62 milyard 740,2 milyon ABŞ dolları təşkil etmişdir.
ENA.az xəbər verir ki, bu barədə ARDNF məlumat yayıb.
2025-ci ilin yanvar-mart ayları ərzində ARDNF-nin büdcə gəlirləri 3 249,2 milyon manat, büdcə xərcləri isə 3 643,3 milyon manat təşkil etmişdir.
2025-ci ilin yanvar-mart ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3 017,2 milyon manat, o cümlədən, mənfəət neftinin və qazın satışından 2 251,9 milyon manat, bonus ödənişləri və tranzit gəlirləri 765,3 milyon manat təşkil etmişdir. Qeyd edək ki, sözügedən dövr ərzində ARDNF-yə AÇG yatağından 2 001,6 milyon manat, Şahdəniz yatağından isə 181,9 milyon manat məbləğində vəsait daxil olmuşdur.
Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlir 232,0 mln manat olmuşdur.Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri hesabat dövrü üzrə 4 999,0 milyon manat təşkil etmişdir. Hesabat dövrü ərzində ARDNF-nin 2025-ci il büdcəsinin icrası çərçivəsində 3 620,3 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. 2025-cü ilin yanvar-mart aylarında “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 1,1 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə isə 14,9 milyon manat yönəldilmişdir. Sözügedən dövrdə, ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 7,0 milyon manat təşkil etmişdir.
Məlumat üçün qeyd edək ki, ARDNF tərəfindən 2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycan Respublikası Mərkəzi Bankının iştirakı ilə həyata keçirilən hərraclarda 2 420,6 milyon ABŞ dolları məbləğində vəsait satılmışdır.
2025 – ci ilin birinci rübündə ARDNF–nin aktivlərində müşahidə olunan artım əsasən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər və büdcədənkənar gəlirlər hesabına formalaşmışdır.
Sözügedən rübdə inflyasiyanın tədricən zəifləməsi və digər müsbət makroiqtisadi göstəricilər sabit gəlirli qiymətli kağızlar bazarında gəlirlilik tələblərinin azalmasına səbəb olmuşdur ki, bu da öz növbəsində Fondun borc öhdəlikləri altportfelində müsbət qiymət dəyişikliyi ilə müşayiət olunub.
Son dövrlərdə dünyada gedən gərgin iqtisadi münasibətlər fonunda beynəlxalq ticarətdə tətbiq olunan sərt tənzimləmələr səhm bazarında qeyri-müəyyənlik yaratmaqla ilin əvvəlindən müşahidə olunan qiymət artımı tendensiyasının tədricən öz yerini yenidən qiymətləndirmə itkilərinə verməsinə səbəb olmuşdur. Belə ki, rübün sonuna doğru qlobal bazarlarda geriləmələr əsasən ABŞ səhm indeksləri hesabına olsa da, son ayda Avropa səhmlərində də neqativ tendensiya müşahidə olunmuşdur.
2024-cü ildən etibarən qızıl qiymətlərində müşahidə olunan artım tendensiyası 2025-ci ilin ilk rübündə də davam etmişdir. Belə ki, geosiyasi gərginliklər fonunda qızıl qiymətləri cari ildə yenidən tarixi rekord səviyyələrinə çatmışdır. Bu əsasda hesabat dövrü ərzində ARDNF – nin qızıl alt portfelində əhəmiyyətli büdcədənkənar gəlir formalaşmışdır.