MALİYYƏ

"1000 dollaradək olan borclar silinsin"

Millət vəkilləri Əli Məsimli və Vahid Əhmədov kredit problemi ilə əlaqədar olaraq Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinə qanun layihəsi təqdim etmişdilər.

2016-cı ildə Əli Məsimli sözügedən qanun layihəsinin məzmunu və mahiyyəti haqqında məlumat verərək bildirmişdi ki, problemi kreditləri həll etmək üçün dördbucaqlı variant təklif edilir:

“Bildiyiniz kimi buna qədər dollar-manat münasibəti 78 qəpik idi, sonra 1 manat 05, daha sonra 1 manat 55 qəpik oldu. Hazırda 1 manat 50 qəpik civarındadır. Bizim fikrimizcə, dördbucaqlı variantda əhalinin bir hissəsi aldığı krediti 1.05 manatla ödəməlidir. İkinci tərəf Milli Bankdır. Üçüncüsü kommersiya, dördüncüsü isə dövlətdir.

Bu dördbucaq sistem əsasında risklər ədalətlə bölünsə, problemin həlli sürətlənə bilər. Konkretliyə gəldikdə hesab edirik ki, əgər kiminsə banka min dollar borcu varsa, həmin insan vəfat edib və ya ağır duruma düşübsə, ona zamin duran şəxsləri incitmək və təzyiqlər göstərmək artıqdır. Çünki zamin duranların özləri də indi yaxşı durumda deyil.

Ona görə də, ağır durumda olan və min dollar borcu olanların borcunun bağlanmasını doğru hesab edirik. Bizim təklifimizdə 5 və ya 10 min manat banka borcu olanların borcunun 1 dollara nisbətdə 1 manat 05 qəpik civarında hesablanması təklif edilir. Burada həm əhalinin, həm kredit verən bankların, həm Milli Bankın, həm də dövlətin üzərinə yük düşməklə problemin həlli modeli irəli sürülür.

Nisbətən iri kreditlərdə isə biz fərqli model təklif edirik. Daha doğrusu, hesab edirik ki, bu kreditlərin 1 dolların 1 manat 05 qəpiklə 1 manat 55 qəpik arasında olan yuvarlaq rəqəmə, məsələn 1 dollara nisbətdə 1 manat 25 qəpik ekvivalenti ödənilməsi ola bilər. Bu halda bankların sağlamlaşdırılması proqramı həyata keçirilən zaman müəyyən analizlər aparıla, mümkünsə, güzəştlərdə iştirak edən banklar vergidən azad edilə bilər”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department