Neft Fondunun aktivləri artıb
Bu ilin yanvar–sentyabr ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 14 437,2 mln. manat, büdcə xərcləri isə 8 005,9 mln. manat təşkil edib.
"Bİ.az" xəbər verir ki, hesabat dövrü ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 13 441,6 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından 12 658,1 miın. manat, bonus ödənişləri 765,2 mln. manat, akrhesabı ödənişləri 4,1 mln. manat, tranzit gəlirləri 14,2 mln. manat təşkil edib.
İlin doqquz ayı ərzində ARDNF-nin vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 995,6 mln. manata bərabər olub.
Hesabat dövrü ərzində ARDNF-nin 2018-ci il büdcəsinin icrası çərçivəsində 7 788,0 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 138,6 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 41,7 mln.manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 16,7 mln. manat vəsait ayrılıb. 5,0 mln. manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib. 2018-ci ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 15,9 mln. manat təşkil edib.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərci 968,7 mln. manat olub.
2018-ci il oktyabrın 1-ə ARDNF-nin aktivləri 2018-ci ilin əvvəlinə (35 806,5 mln. ABŞ dolları) nisbətən 8,88% artaraq 38 987,7 mln. ABŞ dollarına bərabər olub. Bildirilib ki, aktivlərin artımı Fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub.