ABŞ və Ukrayna nadir minerallar üzrə razılığa gəliblər

Məsələ ilə tanış olan mənbələrə görə, Ukrayna ABŞ-la kritik minerallar, neft və qaz sahəsində əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəlib.
Hər iki tərəf ABŞ prezidenti Donald Tramp administrasiyasının Rusiya-Ukrayna müharibəsində atəşkəsə vasitəçilik etmək planının ayrılmaz hissəsi kimi gördüyü razılaşma ilə bağlı gərgin danışıqlara qapanmışdı.
Ağ Evin sözçüsü Leavitt mətbuat brifinqində ABŞ və Ukrayna arasında imzalanması gözlənilən qiymətli metallar sazişini dəyərləndirib.
Sözçü ABŞ-ın hazırkı administrasiyasının bu razılaşmaya böyük əhəmiyyət verdiyini və Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun bu işə diqqəti yönəltmək üçün Yaxın Şərq səfərini təxirə saldığını, razılaşmanın həm ABŞ, həm də Ukrayna üçün faydalı olacağını bildirib.
"Bu müqavilənin imzalanması çox vacibdir. Prezident Tramp Zelenskinin bu müqaviləni imzalamasını gözləyir. Bu, Ukraynanın müdafiəsini maliyyələşdirən Amerikanın vergilərini kompensasiya edəcək və eyni zamanda, müharibə səbəbindən cəhənnəmə düçar olmuş Ukrayna ilə davamlı iqtisadi tərəfdaşlıq yaradacaq", - Leavitt bildirib.
Tramp dünən deyib ki, Zelenskinin bu həftə və ya gələn həftə Ağ Evə gələrək qiymətli metallar haqqında sazişi imzalamasını gözləyir.