Sosial iqtisadiyyat

Ticarətin sadələşdirilmiş vergidən çıxarılması və aksiz vergisi qiymət artımlarına səbəb oldu

İqtisadçı ekspert Vüqar Bayramov son günlər müşahidə edilən qiymət artımlarından danışıb. 

"BI"nin məlumatına görə, o, bildirib ki, ötən ayın ikinci yarısından müşahidə edilən qiymət artımları son günlər daha da intensivləşib: “Apardığımız monitorinqlər göstərir ki, həm ərzaq, həm da bir sıra qeyri-ərzaq məhsullarının qiymətlərində artım müşahidə edilir. Qiymət artımları idxal edilən məhsullarla yanaşı, yerli mallarda da qeydə alınmaqdadır. Bəs qiymət artımlarının səbəbləri nədir və bu nə zamanadək davam edəcək?

Əvvəla, təhlillərimiz göstərir ki, Vergi Məcəlləsinə edilən dəyişiklik nəticəsində ticarət fəaliyyətinin sadələşdirilmiş vergi sistemindən çıxarılması və uçotunun aparılması ticarət obyektlərinin xərcinin artmasına səbəb olub. Belə ki, əvvəllər dövriyyədən cəmi 6 faiz vergi ödəyən ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektləri bu il yanvarın 1-dən etibarən bu imkandan yararlana bilmirlər. Bu isə onların xərcinin yüksəlməsinə və qiymət artımlarına səbəb olub. İkincisi, ölkəyə idxal edilən bir sıra məhsullara, o cümlədən tütün məhsullarına, alkoqollu içkilərə və avtomobillərə daha yüksək aksiz vergisinin tətbiq edilməsi istehlak bazarında qiymət artımlarına səbəb olub. 

İdxal edilən məhsullara tətbiq edilən aksiz vergilərinin mütəmadi yüksəldilməsi arzuolunan deyil və bu qiymət artımlarına səbəb olur. Digər tərəfdən, son minimum əmək haqqı və pensiya artımları ilə bağlı qərarlardan da, çox təəssüf ki, bəzi sahibkarlar psixoloji faktor kimi istifadə edərək qiymət artımlarına gediblər.

Bu baxımdan, İqtisadiyyat Nazirliyi tərəfindən istehlak bazarında monitorinqlərin aparılması daha məqsədəuyğun olardı. Həmçinin, artıq sadələşdirilmiş vergi subyekti olmayan ticarət fəaliyyəti həyata keçirilən sahibkarlıq subyektləri üçün də yeni güzəştlərin tətbiq edilməsinə ehtiyac var. Əks halda, uçot sistemi onların xərclərinin artmasına səbəb olur ki, bu da qiymət artımları deməkdir. 

Gələn ay Novruz bayramını qeyd edəcəyimizi nəzərə aldıqda ərzaq məhsullarının qiymətinin azaldılması üçün hökumət tərəfindən bazar iqtisadiyyatı qaydaları çərçivəsində qiymətlərin optimallaşdırılmasına çalışılması çox vacibdir. Hökumət ticarətlə məşğul olanların xərclərinin azaldılmasına və qiymət artımlarının qarşısını almağa çalışmalıdır”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department