Tramp Ukraynada seçki vaxtının gəldiyini söyləyib

ABŞ prezidenti Tramp Floridadan Vaşinqtona qayıdan təyyarəsində mətbuat mənsublarına cari məsələlərlə bağlı açıqlamalar verib.
Uzun müddətdir Ukraynada seçkilərin keçirilmədiyinə işarə edən Tramp, "Seçki vaxtıdır. Uzun müddətdir seçki olmayıb. Seçki vaxtıdır, həm də bütün pulların (ABŞ-ın Ukraynaya verdiyi) necə olduğunu öyrənmək vaxtıdır" deyib.
Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün Moskva ilə danışıqların yaxşı getdiyini qeyd edən Tramp, "Rusiya ilə çox yaxşı gedirik. Onun (Ukrayna prezidenti Vladimir Zelenskinin) edə bilmədiyi bir şeyi Rusiya ilə edəcəyik. Potensial olaraq daha milyonlarla insanın öldürülməsini dayandırmaq üçün Rusiya ilə müqavilə bağlaya bilərik" söyləyib.
“Kartlar bir qədər Rusiyanın əlindədir”
"Düşünürəm ki, ruslar müharibənin bitdiyini görmək istəyirlər. Kartlar bir az da onların əlindədir, çünki onlar bu qədər ərazi ələ keçiriblər", - deyən Tramp danışıqlarda Moskvanın Kiyev üzərində üstünlüyünə işarə edib.
Ukraynaya 350 milyard dollar xərclədiklərini və bu pul müqabilində bu ölkədən qiymətli minerallarla bağlı razılaşma tələb etdiklərini əsas gətirən Tramp, ABŞ-ın maliyyə naziri Scott Bessenti daha əvvəl Kiyevə göndərdiyini, lakin Zelenskinin qarşısında qoyulan müqaviləni imzalamadığını bildirib.
Makron və Starmer Vaşinqtona gəlir
Sualın cavabında Tramp Britaniyanın baş naziri Keir Starmer və Fransa prezidenti Emmanuel Makronun qısa müddət ərzində Vaşinqtonda olacağını bildirib.
Konkret tarix verməkdən yayınan Tramp “Bəlkə bazar ertəsi” deyib.
Qrenlandiyaya sahib olmalıyıq
Tramp Qrenlandiya ilə bağlı əvvəlki açıqlamalarını təkrarlayıb. ABŞ prezidenti, "Milli təhlükəsizlik baxımından Qrenlandiyaya sahib olmalıyıq. İllər əvvəl onlar Qrenlandiyadan danışırdılar, indi isə müasir silahlar, təyyarələr və sürətə görə daha çox danışırlar. Bütün bu səbəblərə görə Qrenlandiyaya sahib olmalıyıq"qiymətləndirməsini edib.
TikTok ilə bağlı Çinlə görüşəcəyik
Digər tərəfdən, TikTok almaq istəyənlərin çox olduğuna diqqət çəkən Tramp, bu mövzuda ilk olaraq Çinlə görüşəcəklərini bildirib.
"Düşünürəm ki, TikTok ilə yaxşı bir şey etmək şansımız var, lakin bu barədə Çinlə də danışacağıq. Bunun müsbət tərəfi varmı, əlbəttə ki, var, amma TikTok-u yaşatmaq və onunla yaxşı iş görən birinə satmaq əla olardı", - Tramp deyib.