Azərbaycana xaricdən idxal yanvar ayında 80 % artıb - SƏBƏB

Gömrük Komitəsinin yanvar ayı üzrə xarici ticarətlə bağlı açıqladığı hesabatda diqqəti cəlb edən maraqlı məqamlar var. iqtisadçı-ekspert Rövşən Ağayev bildirib ki, bunlardan biri ölkənin idxalının 80% (910 milyon dollar) artmasıdır. Bu artım əsasən dövlət idxalı hesabına baş verib. Keçən ilin yanvarı ilə müqayisədə dövlət sektorunun idxalında 700 milyon dollardan çox (təxminən 6 dəfə) artım qeydə alınıb.
Avtomobil idxalında ciddi artım var (25%). Hibrid avtomobillərin idxalı 3 dəfəyə yaxın artıb. Ölkəyə idxal olunan minik avtomobillərin tam yarısı (hər 2 maşından biri) hubridlər və elektromobillər olub.
Ölkəyə ət (əsasən diri heyvan dormasında), süd məhsullarının və ənli bitkilərin idxalında ciddi artım qeydə alınıb. Bu mal möveqeləri üzrə idxalın dəyəri 28 milyon dollar (57%) artaraq 77 milyon dolları ötüb.
Neft ixracının həcmi ilə bağlı rəqəm çox maraqlıdır. Ötən ilin yanvarı ilə müqayisədə xam neft ixracatında 2 dəfədən çox artım var. Bu ilin yanvarında 3,5 milyon ton neft ixracı gösənir (ötən il 1,5 milyon ton). Azərbaycanın öz istehsalı hesabına aylıq ixrac potensialı maksimum 1,8 milyon tondur. Bu halda ixracın həcmindəki artımın mənbəyi maraqlıdır. Neft ixracının həcmində belə kəskin artım ixracın dəyərində də əks olunub: ümumi ixrac məbləği 65%-dən çox (1,2 milyard dollar) artaraq 3 milyard dolları ötüb.
Ticarətin coğrafiyası ilə bağlı əsas maraqlı məqamlar bunlardır:
Rusiyaya ixracımızın 6,5% (6 milyon dollar) artması müqabilində bu ölkədən idxal 75% (142 milyon dollar) artıb. Bu ölkəyə aylıq ixracımızın dəyəri 81 milyon, idxalın məbləği 331 milyon dollar olub.
Avropa İttifaqına ixrac 3 dəfədən çox artaraq 2,4 milyard dolları ötüb. Bu, yəqin ki, neft-qaz ixracındakı kəskin genişlənmənin hesabınadır. Ötən ilin yanvarı ilə müqayisədə neft-qaz ixracının dəyəri 1,2 milyard dollardan çox genişlənərək 2,8 milyard dollara çatıb.
Çindən idxal 75% artımla 378 milyon dollara, Böyük Britaniyadan idxal 8 dəfəyə yaxın artaraq 120 milyon dollara, Meksikadan idxal 40 dəfədən çox artaraq 180 milyon dollara çatıb.
Türkiyəyə xarici ticarətin dəyərində ciddi dəyişiklik olmayıb. Həm ixrac (300 milyon dollara yaxın), həm də idxal (170 milyon dollara) demək olar eyni səviyyədə qalıb.