Sənaye

Azərbaycanda "ağıllı" qaz şəbəkəsinin idarəetmə sisteminin dəyəri açıqlanıb

Azərbaycanda "ağıllı" qaz şəbəkəsinin idarəetmə sisteminin tətbiqinə 480 milyon ABŞ dollar yönəldiləcək.

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidentinin müşaviri Elçin Ağakişiyev Bakıda keçirilən “IADC Drilling Caspian 2025” konfrans və sərgisində bildirib.

"COP29-da SOCAR ilə “IntelliGrid” arasında "Azəriqaz" İstehsalat Birliyinin (İB) xidmət zonasında "ağıllı qaz şəbəkələri"nin qabaqcıl idarəetmə sisteminin tətbiqi ilə bağlı razılaşma əldə olunub. 480 milyon ABŞ dollar dəyərində olan layihə çərçivəsində qaz sızmalarının azaldılması üçün süni intellektdən (Sİ) istifadə edilməsi planlaşdırılır", - o bildirib.

E.Ağakişiyev vurğulayıb ki, COP29-da Azərbaycanın və xüsusilə SOCAR-ın neft-qaz sektorunda emissiyaların azaldılması ilə bağlı səyləri təsdiqlənib: "SOCAR 2030-cu ilə qədər bütün obyektlərində rutin qaz yandırılmasını tam dayandırmaq, 2030-cu ilə qədər “upstream” aktivlərində emissiyaların intensivliyini 2022-ci il səviyyəsi ilə müqayisədə 30 % azaltmaq, 2035-ci ilə qədər korporativ emissiya intensivliyini 30 %, mütləq emissiyaları 20 % azaltmaq, 2035-ci ilə qədər "upstream" aktivlərində metan emissiyalarını 0,2 %-dən aşağı səviyyəyə endirmək və 2050-ci ilə qədər karbon neytrallığına nail olmaq öhdəliyi götürüb".

2024-cü ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “Esyasoft” holdinq və “Presight” şirkətinin birgə müəssisəsi olan “IntelliGrid” arasında “Azəriqaz”ın bütün xidmət zonasında ən müasir Ağıllı Qaz Şəbəkəsinin İdarəetmə Sisteminin tətbiqinə dair Saziş imzalanıb.

Sənədə əsasən, qazpaylayıcı şəbəkəyə data analizini, proqnozlaşdırıcı texniki xidməti və real vaxt monitorinqini inteqrasiya etmək üçün “IntelliGrid”in süni intellekt imkanlarından istifadə ediləcək. Bu, qaz istehlakını optimallaşdırmağa, itkiləri minimuma endirməyə və ümumi əməliyyat səmərəliliyini artırmağa imkan verəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)