İspaniya şirkətləri Azərbaycanın kənd təsərrüfatı sahəsində iştiraklarını genişləndirməyi planlaşdırır
İspaniyanın Ticari-iqtisadi ofisi Kənd Təsərrüfatı Məhsulları İstehsalçıları Assosiasiyası (AGRAGEX) ilə birlikdə Azərbaycana Ticarət missiyası təşkil edir.
Ofisdən verilən məlumata görə, ticarət missiyası 2025-ci il martın 3-4-də baş tutacaq.
Missiyanın əsas məqsədi Azərbaycanın kənd təsərrüfatı və aqrar-sənaye sahələrində biznes imkanlarını araşdırmaqdır.
"Bu missiya Azərbaycan bazarına daxil olmaq və ya ölkədəki iştirakını genişləndirmək istəyən kənd təsərrüfatı sektorundakı İspaniya şirkətləri üçün əla fürsət yaradacaq. Onlar əməkdaşlığı təşviq edə və iki ölkə arasında işgüzar əlaqələri gücləndirə biləcəklər", - Ankarada fəaliyyət göstərən Ticari-iqtisadi ofisdən bildirilib.
Missiyaya suvarma, istixana və bitki mühafizəsi vasitələri, bitki və heyvanların sağlamlığı və qidalanması və digər sahələrdə təmsil olunan şirkətlər daxil olacaq.