İlham Əliyev Ərdoğana zəng etdi
Yanvarın 23-də Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
ENA.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Dövlət başçısı Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin otelində baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana dərin hüznlə başsağlığı verib.
O bu dəhşətli faciədə həlak olanlara uca Allahdan rəhmət diləyib və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıb.
Prezident İlham Əliyev yanvarın 21-də faciə ilə əlaqədar Türkiyə Prezidentinə başsağlığı məktubu göndərdiyini də qeyd edib.
Türkiyə Prezidenti diqqətə və başsağlığına görə minnətdarlığını bildirib və qeyd edib ki, Türkiyə və Azərbaycan daim bir-birilərinin yanındadırlar, bundan sonra da həmişə belə olacaq.
Telefon danışığı əsnasında dövlət başçıları ikitərəfli münasibətlərin müxtəlif sahələrinə dair fikir mübadiləsi aparıblar.