“Manatın ucuzlaşmasını istəyirik”
Azərbaycanın ixrac ilə məşğul olan istehsalçıları Manatın ucuzlaşmasının tərəfdarıdırlar. Onlar hesab edirlər ki, Dolların bir qədər bahalaşması qeyri-neft sektoru ixracının artmasına dəstək olar.
Sahibkarlar bu barədə danışırlar, amma adlarının mətbuatda çəkilməsini istəmirlər.
Azərbaycanın iri şərəb istehsalçısı və ixracatçısının rəhbəri bildirdi ki, son devalvasiyalar ixraca dəstək olub. Lakin 2017-ci ildən başlayaraq Dolların 1.70 manat səviyyəsində sabit qalması, rəqib ölkələrin milli valyutalarının isə “üzməsi”, Azərbaycan məhsulunu bahalı edir:
“2016-cı ildən əvvəl dollar bizdə ucuz idi və bu səbəbdən Azərbaycan məhsullarının xarici bazarlarda qiymətləri baha olurdu. Dolların bahalaşması ixracın artmasına müsbət təsir etdi. Dolların Manat qarşısında bir qədər də bahalaşması ixracımınz artmasına kömək ola bilər. Xarici bazarlarda bizə rəqib olan ölkələrin milli valyutaları Dollar qarşısında dəyər itirdiyindən, həmin ölkələrin məhsullarının rəqabət qabiliyyətləri artıb. Güclü yerli valyuta ixracatçılar üçün sərfəli deyil”.
Azərbaycanın iri mebel istehsalçısının rəhbəri də “Marja”ya bildirdi ki, Azərbaycan Manatının sabit qalması, qonşu ölkələrin milli valyutalarının isə ucuzlaşması həm Azərbaycan bazarına xarici mebellərin ucuz daxil olmasına səbəb olur, həm də ixracı sərfəsiz edir.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı 2019-cu ildə və ortamüddətli dövrdə (3 il) Dollar/Manat məzənnəsinin sabit qalacağını bəyan edib. Mərkəzi Bankın sədri Elman Rüstəmov növbəti devalvasiyanın olacağı barədə iddialara münasibət bildirərək deyib ki, bu söz-söhbətlər qeyri-ciddidir.