Azərbaycanda REPO əməliyyatları 251% artıb. Maliyyə sistemində likvidliyin daralması müşahidə edilir
Borc bazarları dərinləşdikcə və likvidliyə tələb artıqca, investorların aktivlərə investisiyaları və maliyyə strategiyaları da dəyişir. Bakı Fond Birjasının məlumatına görə, borc bazarını formalaşdıran ən mühüm alət kimi dövlət istiqrazları üzrə faizlərdə artan dinamika müşahidə edilib.
Dövlət istiqrazları üzrə faizlər qalxıb
Belə ki, dövlət istiqrazlarının buraxılışlarında artımla bərabər, keçirilən hərraclar zamanı faiz dərəcələrinin yüksəlməsi qeydə alınıb.
Belə ki, 2 və 3 illik istiqrazların orta gəlirliliyi 2024-cü ilin sonuna müvafiq olaraq 8.91% və 9.57% olub. Dövlət istiqrazlarının həcmi 5 milyard 88 milyon manata çatıb. 2018-ci illə müqayisədə istiqrazların həcmində 4 milyard 79 milyon manat artım var. Bu artım hımçinin daxili borclanmanın həcminin nə qədər yüksəldiyini göstərir.
REPO əməliyyatlarının artımı nəyi göstərir?
REPO əməliyyatlarının həcmi isə 61 mlrd manat təşkil edib. Bu, 2023-cü ildəki 18 mlrd manatlıq dövriyyə ilə müqayisədə 251% artım deməkdir. Xatırladaq ki, REPO əməliyyatları əsasən kommersiya banklarının məcburi ehtiyat normalarının tənzimlənməsi və qısamüddətli likvidliyin idarə edilməsinə (həm borclanma, həm də investisiya) xidmət edir.
REPO ticarət həcmlərində artım, maliyyə sistemində likvidliyin daralmasının göstəricisi kimi hesab oluna bilər.