Azərbaycanda vergi xidmətinin qəbuluna düşən 631 min şəxs - NƏ İSTƏYİB?
2024-cü ildə Azərbaycandakı vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 631 320 şəxs qəbul edilib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, onlara 960 265 sayda xidmət göstərilib ki, bunlardan 353 mindən çoxu şifahi (müraciət etmiş şəxslərin vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar suallarının cavablandırılması), 88,3 mindən çoxu elektron xidmətlər (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) olub.
Ümumi xidmətlərin 90,9 %-ni 10 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:
Bəyannamələrin (hesabatların) və cari vergi ödəmələrinin hesablanması barədə arayışların vergi orqanlarına təqdim edilməsi;
Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması;
Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;
Asan İmza sertifikatlarının verilməsi;
Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;
Vergi ödəyicisinə arayışların verilməsi;
Fiziki şəxsin uçotdan çıxarılması;
Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçota alınması (uçotdan çıxarılması).
Hesabat dövründə vergi ödəyicilərindən daxil olmuş 35,2 mindən çox yazılı müraciət cavablandırılıb, onlara 13,1 milyondan artıq məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib.
Ötən il 4 268 vergi ödəyicisinin iştirakı ilə 306 görüş keçirilib, 5 586 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib. Vergi ödəyicilərinin preventiv məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 2 milyondan çox SMS göndərilib.