"Sığorta bazarı 1,6 milyard manat haqqın yığımı üçün potensiala malikdir"
Azərbaycanın sığorta bazarı sığorta yığımlarının ən azı 1,6 mlrd. manata çatdırılması üçün kifayət qədər potensiala malikdir. Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Azər Əliyev belə hesab edir.
“Biz 2021-ci ilədək Azərbaycanda sığorta yığımlarının 1,6 mlrd. manata çatdırılmasını qarşıya məqsəd qoymuşuq. Bu tapşırığın icrası üçün potensial, əlbəttə, var, hətta açıqlandığından daha çox. Amma ona nail olmaq üçün səbir, planauyğun iş və vaxt lazımdır. Sığortanın inkişafı, ilk növbədə, ölkə iqtisadiyyatının inkişafı ilə mümkündür”, - deyə o, müsahibəsində bildirib.
A.Əliyevin sözlərinə görə, son illərdə dünyada baş verən maliyyə böhranına baxmayaraq, hər il iqtisadi və sosial yüksəliş müşahidə edirik.
“Buna uyğun olaraq sığorta sahəsində çoxlu sayda yeniliklər meydana çıxır. Sığorta bazarı dinamik inkişaf edir. Bazarın illik inkişafı 10-15% təşkil edir. Son zamanlar Azərbaycanın sığorta bazarında bu rəqəmlər daha yüksəkdir. Əminəm ki, yuxarıda qeyd olunan müddətə sığorta sahəsində elan edilmiş rəqəmlərə nail olacağıq”, - deyə o əlavə edib.
Xəbər verildiyi kimi, 2018-ci ildə Azərbaycanda sığortaçıların ümumi sığorta haqları 727 mln. 954,1 min manat olub ki, bu da 2017-ci ilin göstəricisindən 30,7% çoxdur.