TƏCİLİ: AZAL-ın sərnişin təyyarəsi qəzaya düşdü - VİDEO - YENİLƏNİR
AZAL hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
İlkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.
Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
***
AZAL təyyarəsi Qroznıda eniş üçün icazə ala bilmədiyi üçün Aktauda qəzaya uğrayıb.
Bakıdan Qroznıya uçan təyyarə duman səbəbindən Mahaçqalaya, daha sonra isə Aktauna yönləndirilib, bu barədə Çeçenistan paytaxtının hava limanının mətbuat xidməti məlumat verib.
"Duman səbəbindən təyyarə Mahaçqalaya, oradan isə Aktauna (Qazaxıstan) uçub. Hal-hazırda bizdə əlavə məlumat yoxdur," — mətbuat xidməti bildirib.
***
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) məlumatına görə, göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Sərnişinlər arasında uşaqlar olmayıb, zərərçəkənlər barədə məlumat tezliklə təqdim ediləcək. Məlumata görə sağ qalanlar var, onlara ilkin tibbi yardım göstərilir.
Qazaxıstan tərəfi ilə təmaslar həyata keçirilir və hadisə yerində Qazaxıstanın fövqəladə xilasetmə qurumları tərəfindən lazımi operativ zəruri dəstək göstərilir.
"Kazinform"un məlumatına görə, AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğradığı yerdən 12 nəfər müxtəlif xəsarətlərlə Manqistau vilayət xəstəxanasına çatdırılıb.