Türkiyə hava yolu sərnişinlərinə 600 avroyadək kompensasiya almaq hüququ verdi. AZAL-ın "könülalma paketi"nə nələr daxildir?
Yeni il ərəfəsində səfərlər və səyahətlərin sayı artır. Belə bir vaxtda Türkiyədə aviareyslərin xidmətindən istifadə edən hər kəsi razı salacaq bir qərar verilib.
Sərnişinlər uçuşun ləngiməsi və ya hər hansı əməliyyat səbəbi ilə təyinat yerinə 3 saat və ya daha çox gec çatarsa, aviaşirkət operatorları təzminat ödəməli olacaq. Mülki Aviasiya Baş Müdirliyinin hava yolu ilə səyahət edən sərnişinlərin hüquqlarına dair nizamnamədə dəyişiklik edilib.
Tənzimləmənin "təzminat hüququ" başlıqlı maddəsində edilən tənzimləməyə görə, bir uçuş təzminat hüququna səbəb olarsa, yerli sərnişinlərə 100 avro, 1500 kilometrədək bütün uçuşlar üçün 250 avro, 1500 ilə 3500 kilometr arası uçuşlar üçün 400 avro və 3500 kilometrdən uzun uçuşlar üçün 600 avro kimi tətbiq edilən kompensasiya məbləği hesablanacaq. Səyahət biletinin ödənişi də ediləcək. Kompensasiya ödənildiyi gün Mərkəzi Bankın valyuta satış məzənnəsi əsas götürülür.
Qeyd edək ki, bu yeniliklər türk mənşəli hava nəqliyyatı şirkətləri tərəfindən Türkiyənin hava limanlarına/hava limanından, xarici hava nəqliyyatı şirkətləri tərəfindən isə Türkiyədəki hava limanlarından həyata keçirilən bütün planlı və qeyri-müntəzəm uçuşlarda müvafiq uçuş üçün təsdiq edilmiş rezervasiyası olanlara şamil edilir.
Bəs, AZAL necə belə gecikmə baş verərsə sərnişinlərə hansı kompensasiyaları verir?
Mİlli daşıyıcının "Daşınma qaydaları"na baxsaq, çox yığcam "könülalma paketi" var, təzminatdan ümumiyyətlə söhbət getmir.
Beləliklə:
Reys 2 saatdan 5 saatadək yubadıldıqda, sərnişinlərə qəlyanaltı və sərinləşdirici içkilər, rabitə xidmətləri (2 yerli və /və ya beynəlxalq telefon danışıqları, elektron poçt, teleks, yaxud faks) təklif olunur. Səfərdən imtina edən Sərnişinə aviabiletin dəyəri heç bir yığım tutulmadan tam məbləğdə qaytarılır.
Reys 5 saatdan çox və gecə saatlarında yubandıqda, Sərnişinlər mehmanxanada yerləşdirilir (beynəlxalq uçuşlar zamanı), hava limanından mehmanxanaya getmək üçün nəqliyyatla, qida və içkilərlə təmin olunurlar. Qida sərnişinlərə günün saatından asılı olaraq (səhər yeməyi, nahar, şam yeməyi) verilir. Reysin yubandığı ərazidə daimi yaşayan sərnişinlər reysin ertəsi günə keçirildiyi barədə qərar qəbul olunan anadək gözlədikləri müddətdə mehmanxana ilə təmin olunmurlar. Sərnişinin hər hansı əlavə xərclərinin əvəzi ödənilmir.