Qeyri-Bank

Azərbaycanda elektron pul və ödəniş təşkilatları necə stimullaşdırılır?

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn ildən etibarən elektron pul və ödəniş təşkilatlarının stimullaşdırılması ilə bağlı layihə həyata keçirməyi planlaşdırır.

AMB-nin Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktor müavini Ramil Mahmudovun sözlərinə görə, layihənin əsas məqsədi elektron pul və ödəniş təşkilatlarının daha ucuz xidmətlər təklif edərək bazarda möhkəmlənmələrinə şərait yaratmaqdır: “Artıq elektron pul və ödəniş təşkilatları lisensiyalaşdırılıb. Növbəti mərhələdə onların motivasiyası, bazarda bərabər oyunçu kimi irəli çəkilməsi məsələsi gündəmdədir. Çalışırıq ki, banklarla müqayisədə daha keyfiyyətli və daha ucuz xidmətlər təqdim edə bilsinlər. Burada Mərkəzi Bankın məqsədi iri şəhərlərdə, xüsusilə də regionlarda nağdsız ödənişlərin həcminin daha da artırılmasıdır”.

Elektron ödəniş təşkilatlarının motivasiyası üçün atılan addımlara gəlincə, R.Mahmudov bildirib ki, onlara vergi azadolmaları tətbiq olunur. Bu da həmin təşkilatların rəqabət qabiliyyətini artırır: “Əgər əvvəllər ödəniş təşkilatı bir hüquqi şəxs kimi bankda hesab açırdısa, artıq bu gün özü maliyyə xidməti göstərdiyinə görə ƏDV-dən azad olunur. Eyni zamanda, onlara təqdim olunan bir sıra xidmətlər də ƏDV-dən azad olunub. Bu o deməkdir ki, artıq ödəniş təşkilatlarının rəqabət qabiliyyəti bir qədər artmış olur. Onların ödəniş sistemləri infrastrukturuna, digər sistemlərə inteqrasiyası ilə yanaşı, layihələrə bərabərhüquqlu iştirakçı kimi qoşulmaları məsələsi önə çəkilir. Bu da onların təqdim etdiyi xidmətlərin ucuzlaşmasına səbəb olacaq”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)