Bank

İdarə Heyətinin sədri: “ABB-nin artıq 150 milyon manatadək yaşıl kredit portfeli mövcuddur”

Azərbaycanın bank sektoru 2030-cu ilədək 2 milyard manatlıq yaşıl kredit ayırmaq niyyətindədir. Kreditə ehtiyacın həcmini, təbii ki, bazar tələbi müəyyənləşdirəcək, ancaq banklar bu qədər maliyyələşmə üçün hazır olduqlarını bəyan ediblər.

VIII Beynəlxalq Bankçılıq Forumunda jurnalistlərin bu barədə suallarını cavablandıran Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyətinin sədri Abbas İbrahimovun sözlərinə görə, daha çox layihə olarsa, daha çox maliyyə ayırmağa hazırdırlar:

“Azərbaycan Respublikası Mərkəzi Bankının bu yaxınlarda təsdiqlədiyi “Yaşıl taksonomiya”ya əsasən, portfelimizin ilkin qiymətləndirilməsi nəticəsində 150 milyon manatadək yaşıl kredit portfelinə malik olduğumuzu qeyd edə bilərik. Kreditlər, əsasən, yaşıl infrastrukturun qurulması, enerji səmərəliliyi olan sənayelər və yaşıl nəqliyyatın maliyyələşdirilməsinə ayrılıb. Ölkənin ən böyük bankı kimi, sektor adından elan edilən 2 milyard manatlıq yaşıl maliyyələşmə niyyətinin uğurla yerinə yetirilməsində fəal iştirak edəcək, dayanıqlı gələcəyə öz töhfəmizi verəcəyik”.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı yaşıl maliyyə ilə bağlı meyarları - yəni “Yaşıl taksonomiya”nı bir neçə gün əvvəl təsdiqləyib. Abbas İbrahimovun sözlərinə görə, ABB-nin 150 milyon manatlıq kredit portfeli son iki il ərzində verilmiş və məhz həmin taksonomiyada nəzərdə tutulmuş meyarlara uyğun gələn vəsaitlərdən ibarətdir.  

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)