Taleh Kazımov: “Ticarət tərəfdaşlarındakı inflyasiya ölkədə qiymət artımına artırıcı təsir göstərib”
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın ticarət tərəfdaşlarındakı inflyasiya ölkədə qiymət artımına 6,1 faiz bəndi artırıcı təsir göstərib.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Milli Məclisin bu gün keçirilən plenar iclasında – “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Bununla belə, onun sözlərinə görə, 2024-cü ilin ötən dövründə illik inflyasiya hədəf daxilində olub.
“Oktyabrda illik inflyasiya 3,4% təşkil edib. Apardığımız təhlillər göstərir ki, bu göstərici həm xarici amillərdən, həm də ölkədə həyata keçirilən antiinflyasiya tədbirlərindən təsirlənib. O cümlədən, manatın nominal effektiv məzənnəsinin artması inflyasiya 3,1 faiz bəndi azaldıcı təsir göstərib. Xarici amillərin birbaşa xalis təsiri isə 3 faiz bəndi artırıcı olub. Bu ilin sonuna illik inflyasiyanın 5,1% olacağını gözləyirik. İyul proqnozumuz 5,4% olmuşdu. İnflyasiya proqnozundakı dəyişiklik ticarət tərəfdaşlarımızdakı inflyasiyanın daha aşağı olacağı ilə bağlıdır”, – deyə sədr qeyd edib.