Sənaye

Menecer: “ACWA Power” 2025-ci ilin sonunadək Azərbaycanda 240 MVt gücündə KES-i tam istifadəyə verəcək”

Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti 2025-ci ilin dekabrına qədər Azərbaycanda 240 MVt gücündə Xızı-Abşeron külək elektrik stansiyasını (KES) tam istifadəyə verməyi planlaşdırır.

Bu barədə müsahibəsində şirkətin Azərbaycan və Türkiyə üzrə meneceri Selim Güven məlumat verib.

“KES-in tikintisi uğurla davam edir. 2025-ci ildə stansiya mərhələli şəkildə – sentyabrdan noyabra qədər layihə gücünə çatdırılacaq. Xüsusilə qrafikimizə əsasən stansiyanın gücü sentyabrda 80 MVt-a, oktyabrda 160 MVt-a, noyabrda isə 240 MVt-a çatacaq”, – S.Güven bildirib.

Onun sözlərinə görə, layihənin ümumi dəyəri 340 milyon ABŞ dolları təşkil edir.

“Maliyyələşdirmənin bir hissəsi şirkətin öz vəsaitinin, digər hissəsi isə banklardan alınan kreditin payına düşəcək. Biz, Avropa Yenidənqurma və İnkişaf Bankı və OPEK Fondunun daxil olduğu sindikatdan 240 milyon ABŞ dolları cəlb etmişik, 100 milyon ABŞ dolları isə öz vəsaitimizdir”, – menecer qeyd edib.

Xatırladaq ki, “Xızı-Abşeron” KES-in təməlqoyma mərasimi 2022-ci ilin yanvar ayında baş tutub. Layihə çərçivəsində hər biri 6 MVt gücündə olan 40 ədəd külək turbin qurğusu quraşdırılacaq. Abşeron rayonunun Pirəkəşkül kəndində 17 ədəd, Xızı rayonunun Sitalçay kəndində isə ümumi gücü 23 ədəd turbinin quraşdırılması planlaşdırılır. KES-də illik 1 milyard kilovat/saat elektrik enerjisi istehsal olunacaq. Bu stansiyanın istifadəyə verilməsi ildə təxminən 220 milyon kubmetr təbii qaza qənaət etməyə imkan verəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)