Bank

"Azərbaycan bankları 2030-cu ilədək "yaşıl keçid"ə əhəmiyyətli maliyyə resursları ayırmağa hazırdır"

Azərbaycanın bank sektoru 2030-cu ilə qədər "yaşıl keçid" layihələrini dəstəkləmək üçün əhəmiyyətli maliyyə resursları ayırmağa hazırdır.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib.

Onun sözlərinə görə, bu vəd bank sektorunun iqlim fəaliyyətinə, o cümlədən bərpa olunan enerji, dayanıqlı infrastruktur və digər "yaşıl təşəbbüsləri" maliyyələşdirmək öhdəliyini nümayiş etdirəcək.

“Digər mühüm məsələ, Azərbaycanın Milli Yaşıl Taksonomiyasının yekunlaşdırılmasıdır: Bunun üçün Mərkəzi Bank dövlət və özəl qurumları ilə fəal əməkdaşlıq edərək, ekspert qrupu yaradıb. Dünya Bankının ekspertlərinin texniki dəstəyi ilə artıq Yaşıl Taksonomiya hazırlanıb. Bu yaxınlarda dövlət qurumları, sənaye assosiasiyaları, maliyyə institutları, investorlar, beynəlxalq inkişaf tərəfdaşları, Mikro Kiçik və Orta Müəssisələrin (MSME) nümayəndələri, potensial istiqraz emitentləri və digər əsas maraqlı tərəflərlə taksonomiya ilə bağlı ictimai məsləhətləşməni yekunlaşdırdıq. Növbəti addım isə taksonomiyanı təsdiq üçün hökumətə təqdim etməkdir. Təsdiq prosedurlarının tezliklə yekunlaşacağını gözləyirik.

Nəhayət, bu mövzunun COP-da ilk dəfə müzakirə ediləcəyini nəzərə alaraq qlobal tərəfdaşlarımızla birlikdə qlobal Taksonomiyaya Uyğunlaşma Təşəbbüsünü elan etməyi planlaşdırırıq", - T. Kazımov bildirib.

AMB-nin sədri əlavə edib ki, Mərkəzi Bank COP29 Maliyyə Günündə iki tematik tədbir təşkil etməyi planlaşdırır: "Birinci tədbir iqlim fəaliyyəti üçün maliyyələşdirmənin artırılmasına həsr olunacaq. Bu tədbir genişmiqyaslı iqlim sərmayələri istiqamətində irəliləyişləri, beynəlxalq maliyyə təşkilatları, çoxtərəfli inkişaf bankları tərəfindən əlavə səyləri müzakirə etmək üçün dövlət və özəl sektor liderlərini bir araya gətirəcək.

Bu, Paris Sazişinin məqsədlərinə nail olmaq üçün tələb olunan miqyasda "yaşıl keçidi" dəstəkləmək üçün maliyyə vəsaitlərini daha da səfərbər edəcək".

T. Kazımov Dünya Bankı Qrupunun Azərbaycan üzrə Ölkə İqlim və İnkişaf Hesabatına istinadən bildirib ki, 2060-cı ilə qədər Azərbaycanda dekarbonizasiyaya 24,7 milyard ABŞ dolları, dayanıqlılığa isə 19,4 milyard ABŞ dolları xərc tələb edir.

“Bu investisiyaların bir hissəsi özəl sektordan, mühüm hissəsi isə dövlət maliyyə mənbələrindən təmin edilməlidir. Maliyyə institutları, xüsusən də banklar, resursların yaşıl və dayanıqlı layihələrə səfərbər edilməsində və yönləndirilməsində əsas rol oynaya bilər. İqtisadi artımın əsas drayveri olan banklar iqlim maliyyələşdirməsinin inkişafında mühüm rol oynayırlar. Maliyyə institutlarımız aşağı karbonlu iqtisadiyyata keçid prosesini dəstəkləmək üçün öz biznes modellərini tədricən dəyişirlər", - AMB-nin sədri vurğulayıb.

Onun sözlərinə görə, Mərkəzi Bankın əsas siyasi hədəfi maliyyə sektorunun investisiyalarını "yaşıl keçid"ə yönəltməkdir.

"Hazırda Azərbaycan Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələri (NDC) yeniləməkdədir və iqlim dəyişikliyi sahəsində növbəti mərhələ kimi yeni hədəflərin müəyyən edilməsi gözlənilir. Yenilənmiş NDC-lərə nail olmaq üçün böyük investisiyalar tələb ediləcək", - T. Kazımov əlavə edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)