AMB-də bank rəhbərləri ilə görüş keçirilib
Azərbaycan Mərkəzi Bankında (AMB) noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı maliyyə sektorunda planlaşdırılan fəaliyyətlər müzakirə olunub.
Bunu AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, müzakirələr "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin Rəyasət Heyətinin geniş tərkibinə daxil olan bankların rəhbər şəxsləri ilə növbəti görüş çərçivəsində baş tutub: "Görüş zamanı bank sektorunun III rüb üzrə fəaliyyəti, əldə olunan nəticələr və növbəti dövr üzrə hədəflər müzakirə olundu. Ölkədəki makroiqtisadi vəziyyət, son iqtisadi göstəricilər və bunların maliyyə sektoruna təsirləri ilə bağlı fikir mübadiləsi aparıldı, sektor nümayəndələrinin təklifləri dinlənildi. COP29 zamanı ümumilikdə maliyyə sektorunun qarşısında duran məsələlər, planlaşdırılan fəaliyyət sahələri müzakirə olundu", - deyə o qeyd edib.