Ötən üç ayda 13 bankda fiziki şəxslərin əmanətləri azalıb
Azərbaycanda fəaliyyət göstərən 22 bankdan 13-də fiziki şəxslərin əmanətlərinin həcmi azalıb. Bu tendensiya iyul-sentyabr aylarında qeydə alınıb.
ENA.az xəbər verir ki, ən böyük azalma ölkəmizdə fəaliyyət göstərən iki türk bankında – Ziraat Bank Azərbaycan və Yapı Kredi Bank Azərbaycanda qeydə alınıb.
Ziraat Bank Azərbaycanda əmanətlərin həcmi 20,9%, Yapı Kredi Bankda isə 12,7% azalıb. Fiziki şəxslərin pullarını geri çəkməsi dinamikasına görə üçüncü pillədə Premium Bank dayanır – 10.3%.
Buna səbəblərdən biri kimi bu banklar üzrə depozit faizlərinin daha aşağı olmasını göstərmək olar. Həmçinin fiziki şəxslərin depozitlərinin artımı üzrə ən böyük artım nümayiş etdirən ExpressBank-ın lider olması da maraqlıdır. Görünür ki, bankın kartlarından istifadə edən fiziki şəxslərin hesablarında daha çox vəsait toplanıb. Bu dinamikada ikinciliyi ABB (+9,2%), üçüncü sıranı isə PAŞA Bank (+6.5%) tutur.