Amerikada seçki xərclərində rekord gözlənilir
Noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərinə sayılı günlər qaldığı halda, prezidentliyə namizədlər arasında rəqabət getdikcə artır və seçki xərclərində ciddi artımlar gözlənilir.
Siyasətdə pul axını və bunun seçkilərə və siyasətlərə təsirini izləyən araşdırma qrupu olan OpenSecrets-in məlumatına görə, seçki xərclərinin ümumilikdə ən azı 15,9 milyard dollara çatacağı gözlənilir. Bu, 2024-cü il Azərbaycanın dövlət büdcəsindən cəmi 5 milyard dollar azdır.
Bu xərcləmə məbləği ilə 2024-cü il seçkilərinin indiyə qədər ən çox xərc tələb edən seçki olacağı təxmin edilir.
Builki xərclərin 2020-ci il seçkilərində rekord məbləğdə olan 15,1 milyard dolları ötəcəyi proqnozlaşdırılır.
ABŞ-da 2016-cı il seçkilərinin ümumi dəyəri 6,5 milyard dollar, 2012-ci il seçkiləri 6,3 milyard dollar, 2008-ci il seçkiləri 5,3 milyard dollar, 2004-cü il seçkiləri üçün isə 3 milyard dollar olduğu qeyd edilir.
Namizədlərin müstəqil xərcləri 2,6 milyard dollara çatıb
Bildirilir ki, əksəriyyəti super Siyasi Fəaliyyət Komitələri (PAC) olan xarici qruplar 2024-cü il seçkiləri üçün 7 oktyabr tarixinə təxminən 2,6 milyard dollar xərcləyib.
Hazırkı xərc tendensiyaları davam edərsə, bu seçkilərdə ümumi xarici xərclərin 5 milyard dolları keçəcəyi proqnozlaşdırılır.
ABŞ siyasətində kənar xərclər dedikdə, namizədlərin komitələrindən asılı olmayan, onlarla əlaqələndirilməyən qruplar və ya şəxslər tərəfindən siyasi xərclər nəzərdə tutulur. Bu qruplar ənənəvi partiya komitələrindən tutmuş daha çox mübahisəli super Siyasi Fəaliyyət Komitələrinə və “qaranlıq pul” təşkilatlarına qədər böyük miqyas təşkil edir.