Sənaye

Nazir: “Yeni stansiyaların hesabına növbəti 3 ildə 1,2 milyard kubmetr qaz sərbəstləşəcək”

Azərbaycanda növbəti 3 ildə istismara veriləcək külək və günəş elektrik stansiyalarında 5,3 milyard kVt-st elektrik enerjisinin istehsalı nəticəsində 1,2 milyard kubmetr təbii qazın sərbəstləşməsi və emissiyaların 2,5 milyon tona qədər azalması gözlənilir.

Bunu energetika naziri Pərviz Şahbazov “Azərbaycan” qəzetində dərc edilmiş məqaləsində bildirib.

“Bərpaolunan enerji gündəliyimizin reallaşdırılması “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 çərçivəsində daha geniş vüsət alıb. Bu ilin iyun ayında Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə təxminən 1 milyard ABŞ dolları məbləğində investisiya dəyərinə və 1000 MVt ümumi gücə malik üç stansiyanın – Neftçalanın Bankə qəsəbəsində 315 MVt, Biləsuvarda 445 MVt gücündə günəş və Abşeron-Qaradağ rayonları ərazisində 240 MVt-lıq külək-elektrik stansiyalarının təməli qoyulub. Həmçinin “ACWA Power” şirkəti ilə 200 MVt-lıq Batareya Enerji Saxlanc Sistemi (BESS) və 200 MVt-lıq quruda külək enerjisi layihələri üzrə Çərçivə Müqaviləsi imzalanıb. Asiya İnkişaf Bankının (ADB) dəstəyi ilə həyata keçirilən “Üzən günəş panelləri sisteminin inkişafına dair bilik mübadiləsi və texniki yardım” layihəsi çərçivəsində Böyükşor gölü üzərində ümumi gücü 100 kVt olan və illik 160 min kVt/saat elektrik enerjisi istehsalı imkanına malik ilk üzən günəş-elektrik stansiyası istifadəyə verilib”, – deyə o qeyd edib.

Nazirin sözlərinə görə, ölkədə bərpaolunan enerji mənbələri üzrə ilk hərrac prosesinə start verilib və 100 MVt gücündə “Qobustan” GES layihəsi üzrə hərracın nəticəsinin COP29 zamanı elan edilməsi nəzərdə tutulur.

“COP çərçivəsində icrasına təkan verilən digər bir layihə 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasıdır. Cəbrayılda tikiləcək bu stansiya dünyanın ən böyük neft-qaz terminallarından biri Səngəçalı elektrikləşdirməklə karbohidrogenlərlə “yaşıl enerji”nin vəhdətinin nümunəsi olacaq. Gələn il istismara veriləcək 240 MVt gücündə “Xızı-Abşeron” KES-in inşası ilə bağlı da hazırda intensiv işlər görülür. Abşeron rayonunun Pirəkeşkül kəndində və Xızı rayonunun Sitalçay kəndində quraşdırılacaq 40 ədəd külək turbininin komponentləri artıq əraziyə gətirilib. 6,5 MVt-lıq ilk turbin COP29 tədbirinə qədər hazır olacaq. “Nobel Energy” şirkəti tərəfindən Cəbrayılda 100 MVt gücündə iki günəş elektrik stansiyası, “China Gezhouba Group Overseas Investment” şirkəti tərəfindən isə Füzulidə 160 MVt gücündə iki günəş elektrik stansiyasının tikintisi layihələri üzrə tədbirlər davam etdirilir. Ən əsası 2030-cu ilə 30 %-lik hədəfimizi daha erkən və artıqlaması ilə yerinə yetirə biləcəyik. Başqa sözlə, artıq 2027-ci ildə elektrik enerjisinin istehsal gücündə “yaşıl enerji”nin payını 33 % yüksəltməyə nail olacağıq”, – deyə P. Şahbazov əlavə edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)