Sosial iqtisadiyyat

Avropa İttifaqının büdcəsində audit olunub: 10,1 milyard avro düzgün xərclənməyib

Avropa İttifaqının (Aİ) vəsaitlərindən sui-istifadənin qarşısını almaq üçün yaradılmış Avropa Auditorlar Məhkəməsi ötən il İttifaqın xərclərində 10 milyard avrodan çox səhvə yol verildiyini bildirib.

Mərkəzi ofisi Lüksemburqda yerləşən və Aİ büdcəsinin və fondlarının auditindən məsul olan Avropa Auditorlar Məhkəməsi Birliyinin 2023-cü il xərclərinə dair illik hesabatına əsasən, keçən il Aİ büdcəsindən edilən xərclərdə səhv nisbətində həyəcan verici artım müşahidə olunub.

Səhv xərc nisbəti 2021-ci ildə 3 faiz, 2022-ci ildə 4,2 faiz olduğu halda, 2023-cü ildə bu nisbət 5,6 faizə yüksəlib.

Beləliklə, Aİ-nin 2023-cü il üçün 191,2 milyard avroluq xərclərində təxminən 10,7 milyard avro səhvə yol verilib.

Bundan əlavə, Aİ-nin Covid-19 iqtisadi bərpa fondundan 48 milyard avro xərcləməsinin bir hissəsində pozuntular olub. Ödənişlər və nəzarət sistemlərində zəifliklər müəyyən edilib.

Büdcəyə təzyiqlər artdı

Aİ büdcəsinə təzyiq də artıb. 2022-ci ildə 452,8 milyard avro olan Aİ-nin ödənilməmiş öhdəlikləri 2023-cü ilin sonuna kimi rekord səviyyəyə - 543 milyard avroya yüksəlib. 2022-ci ildə 348 milyard avro olan Aİ-nin ümumi borcu 2023-cü ildə 458,5 milyard avroya yüksəlib.

Yüksək inflyasiya Aİ büdcəsinə mənfi təsir göstərib. İnflyasiya səbəbindən 2025-ci ilin sonuna qədər Birlik büdcəsinin təxminən 13 faiz itkisi proqnozlaşdırılır.

Aİ-nin Ukraynaya ayırdığı maliyyə yardımının qaytarılmasında risklər də Aİ büdcəsinə təzyiqi artırıb. Aİ-nin Ukraynaya yardımı 2023-cü ildə əvvəlki illə müqayisədə iki dəfədən çox artaraq 33,7 milyard avroya çatıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)