Nazir: "Halal ərzaq istehsalına maraq və tələb artmaqdadır"
Müasir dövrdə dünyada halal standartları əsasında ərzaq məhsullarının istehsalına maraq və tələb artmaqdadır. Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən Azərbaycan Halal Biznes və Turizm Forumunda bildirib.
"Bu gün istehsalçı və ticarətçilər üçün qida məhsullarının təhlükəsizliyi, istehlakçılara keyfiyyətli ərzaq məhsullarının çatdırılması ən mühüm öhdəlikdir. Bu baxımdan kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, eləcə də ticarəti ilə məşğul olan təsərrüfat subyektlərinin üzərinə böyük məsuliyyət düşür. Əhalinin artan qida ehtiyaclarının qarşılanması, ixrac olunan məhsulların çeşidinin və həcminin artırılması üçün aqrar və emal sənayelərində məhsuldarlığın, keyfiyyətin artırılması zəruri tələblərdən birinə çevrilib", - deyə o qeyd edib.
"Zəngin mədəni irsi və çoxəsrlik İslam sivilizasiya tarixinə sahib Azərbaycan regionda halal sənayenin daha da inkişafı üçün böyük potensiala malikdir. Ölkəmizin təmiz hava, münbit torpaq, saf su resurslarına malik olması ekoloji təmiz ərzaq məhsulları istehsalı sahəsində çox böyük imkanlar yaradır. Əlverişli coğrafi mövqeyə malik Azərbaycanda beynəlxalq mötəbər tədbirlərin keçirilməsi, nəhəng transmilli nəqliyyat layihələrin icrası ölkəmizin turizm məkanı kimi cəlbediciliyini daha da artırır, turistlərin sayının artmasına səbəb olur. Son zamanlar müsəlman ölkələrindən çoxsaylı turist axını Azərbaycanda halal qida sektorunun inkişafını və halal turizm standartlarının tətbiqini zəruri edir. Bununla yanaşı, respublikamızda sahibkarlığın inkişafı və aqrar sahəyə geniş dövlət dəstəyi halal qida və turizm sektorunun inkişafına zəmin yaradır", - deyə nazir əlavə edib.