Neftdə qorxulu "İsrail ssenarisi"
Ötən ay Livanda Hizbullahın yüksək rütbəli heyətinin əksəriyyətini, o cümlədən lideri Həsən Nəsrullahı məhv edən silsilə hücumlardan sonra İsrail İranın dəstəklədiyi qruplaşmaya qarşı əməliyyatlarını gücləndirir. İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, hava hücumları silah anbarları, komanda mərkəzləri və kəşfiyyat zabitlərini hədəf alıb.
Yerli rəsmilər bildiriblər ki, İsrailin Hizbullaha bağlı sağlamlıq mərkəzinə hücumundan sonra Livan paytaxtının mərkəzində 9 nəfər ölüb. Digər tərəfdən, İsrailin çərşənbə axşamı öz ərazisinə 200-ə yaxın ballistik raket buraxan İranın neft obyektlərini vura biləcəyi təxmin edilir.
Cümə axşamı ABŞ-ın İsrailin İranın neft obyektlərinə hücumuna dəstək olub-olmayacağı ilə bağlı suala ABŞ prezidenti Co Bayden “Biz bunu müzakirə edirik” deyib və dəqiq cavab verməyib. Neft qiymətləri Baydenin enerji infrastrukturunun hədəflənməsinin masada olduğunu təsdiqləyən şərhləri ilə yüksəldi. Bayden əvvəlki açıqlamalarında İsrailin İranın nüvə proqramına mümkün hücumunu dəstəkləməyəcəklərini bildirmişdi. Bayden həmçinin İsrailin bir gün ərzində qisas alacağını gözləmədiyini bildirib.
Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq bildirib ki, Bayden administrasiyası İsraillə ölkənin cavab addımı ilə bağlı hələ də danışıqlar aparır və onlar hələlik heç bir qərarın verilmədiyinə inanırlar. ABŞ-ın başçılıq etdiyi G-7 qrupu da dünən bəyanat yayaraq, region ölkələrini “məsuliyyətli və təmkinli davranmağa” çağırıb.
"Təhlükəli hücumlar və cavab tədbirləri silsiləsi Yaxın Şərqdə heç kimin marağında olmayan nəzarətsiz eskalasiyaya təkan vermək riski daşıyır", - G-7 bəyanatında deyilir.