"Fitch" Azərbaycanda bu il üçün iqtisadi artımla bağlı proqnozunu açıqladı
"Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycanda bu il üçün iqtisadi artımla bağlı proqnozunu açıqlayıb.
Agentliyin yaydığı məlumata görə, proqnoza əsasən bu il Azərbaycanda iqtisadi artım 3,5% təşkil edəcək. “Azərbaycanda ÜDM artımı 2018-ci ildəki 1,3%-dən bu il 3,5%-dək yüksələcək”, - deyə məlumatda vurğulanıb.
“Fitch”in analitikləri Azərbaycanda ÜDM artımını şərtləndirən amilləri açıqlayıb:“Şahdəniz-2” layihəsi çərçivəsində hasil olanacaq qazın ixracı və ölkənin neft sahəsində hasilatın pay bölgüsü sazişinin (AÇG) müddətinin uzadılması ilə bağlı investisiyaların artımı Azərbaycanda ÜDM-in artımını dəstəkləyəcək. Belə ki, “Şahdəniz-2” də hasilatın artması karbohidrogen ixracının çoxalmasına səbəb olacaq ki, bu da əsas ticarət tərəfdaşlarında milli valyutaların dəyərsizləşməsi fonunda idxalın artımını kompensasiya edəcək. Turizm və kənd təsərrüfatı ölkənin qeyri-neft sektorunun inkişafına təkan verəcək. Rusiyadan Azərbaycanın kənd təsərrüfatı məhsullarına tələbatın artması, dayanıqlı turizm sektoru və karbamid istehsalı zavodunun istifadəyə verilməsi qeyri-neft məhsul və xidmətlərinin ixracını stimullaşdıracaq”.