Sənaye

Qazaxıstan, Azərbaycan və Özbəkistan enerji sisteminin inteqrasiyası üçün hazırlıq işlərinə başlayıb

Qazaxıstan, Azərbaycan və Özbəkistan Avropa İttifaqı ölkələrinə yaşıl enerji satmaq üçün enerji sistemlərinin inteqrasiyası və Xəzər dənizinin dibi ilə yüksək gərginlikli kabelin çəkilməsi layihəsinin texniki-iqtisadi əsaslandırmasını (TES) hazırlamağa başlayıblar.

Bu barədə Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev brifinqdə bildirib.

“Təmiz elektrik enerjisi almaqda maraqlı olan Aİ ölkələri ilə ilkin işlər aparılıb. Azərbaycan, Qazaxıstan və Özbəkistan Xəzər dənizinin dibi ilə yüksək gərginlikli kabelin çəkilməsi haqqında razılaşma imzalayıblar ki, bu da bizə premium bazarları təmiz, bərpa olunan enerji ilə təmin etməyə imkan verəcək. Söhbət kifayət qədər böyük həcmdə investisiyalardan gedir”, – nazir qeyd edib.

Onun sözlərinə görə, elektrik enerjisinin ixracı üçün Xəzəryanı və Aral zonalarının külək potensialından istifadə edilməsi planlaşdırılır.

“Biz indi layihənin texniki-iqtisadi əsaslandırmasını hazırlamağa başlamışıq, ona uyğun olaraq tikinti müddəti müəyyən ediləcək.Texniki-iqtisadi əsaslandırma üzrə ilkin nəticələri ilin sonuna qədər əldə etməyə planlaşdırır”, – energetika naziri vurğulayıb.

Xatırladaq ki, bu ilin mayın 1-də “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” imzalanıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)