Elm və Texnologiya

Azərbaycanda "ESG hesabatı" verən ilk qurum dövlət şirkəti oldu - NƏLƏR VAR?

Azərbaycanda ESG hesabatı verən ilk şirkətlərdən biri Azercell oldu. Dövlətə məxsus olan mobil operator müəyyən müddət fasilədən sonra yenidən hesabatlılıq və şəffaflıq istiqamətində önə çıxmağa çalışır. Dünyada trend olan və qabaqcıl şirkətlərin açıqladığı ESG hesabatları (ətraf mühit, sosial məsuliyyət və korporativ idarəetmə standartları əsasında) ilk növbədə dayanıqlılıq prinsiplərinə əsaslanır.   

Şirkətin Hüquq. Etika və Komplayns Departamentinin rəhbəri Şirin Əliyevanın təqdimat etdiyi hesabat və dayanıqlı strateji baxış dünyanın məşhur konsaltinq şirkətləri ilə əməkdaşlıq sayasində işlənib.

Hesabatın ətraf mühit hissəsində elektrik enerjisindən səmərəli istifadə və azad olunmuş ərazilərdə Yaşıl Qarabağ devizi ilə günəş enerjisi panelləri ilə işləyən stansiyaların yaradılması planlaşdırılır. ENA.az-ın sualını cavablandıran Ş.Əliyeva bildirib ki, artıq Ağdam ətrafında belə stansiyalar quraşdırılıb.

“Bu il ölkə üzrə günəş panelləri ilə işləyən stansiyaların sayı 37-yə qədər artırılacaq. Hibrid göstəricilər üzrə hədəflər də müəyyən edilib. Enerjiyə minimum 20-30 faiz qənaət etməyi planlaşdırırıq”, - deyə Departament rəhbəri vurğulayıb.

Tullantıların idarə edilməsi sahəsində 2 ildə həcmi 4 dəfə yaxın azaltmağa müvəffəq olan Şirkət həmçinin batareyaların təkrar emalı ilə bağlı Sumqayıtdakı müvafiq şirkətlərlə əməkdaşlığa başlayıb. Azercell  sudan səmərəli istifadə etmək üçün işlənmiş suyu texniki vəziyyətdə avtomobillərin yuyulmasına yönəltdiyini bildirib. Sosial inkişaf istiqamətində həyata keçirilən tədbirlərdə isə gender bəranərliyi, bərabər əmək haqqı, 116111 uşaq qaynar xətti, idman, mədəniyyət sahəsində geniş layihələrə malikdir. Təkcə sosial layihələrə sərmayə üçün büdcənin həcmi 30 milyon manatdır. ESG üçün ayrılan ümumi büdcə isə açıqlanmır, səbəb olaraq formalaşacaq gəlirlərin nisbətindən asılı olacağı deyilir. Yerigəlmişkən, Azercell 2022-ci ildə 532 milyon manata yaxın mənfəət açıqlamışdı.  

Azercell-in Tərəfdaşlarla Münasibətlər Şöbəsinin direktoru Nigar Şıxlinskaya qeyd edib ki, layihələrin seçimi zamanı ölçülə bilən meyarların olması mühüm əhəmiyyət daşıyır. Bu sahədə uğurlu layihələrdən biri kimi, qızlar arasında cüdoya marağı artırmaq üçün “Qızlara ağ yaraşır” layihəsini xatırladıb və iştirakçıların sayının 1000-i ötdüyünü vurğulayıb.

Qeyd edək ki, ESG hesabatı audit olunduqdan sonra rəsmi şəkildə yayılacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)