Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarından satmağı düşünür
İlin sonuna Azərbaycan Mərkəzi Bankı öz valyuta ehtiyatlarından sata bilər.
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun sözlərinə görə, gözləntilər bazardan valyuta alışını proqnoz etmir, əksinə manatın dövriyyədən yığılması məqsədilə valyuta ehtiyatlarından bir qədər sata bilər.
Son rəqəmlərə baxsaq, sentyabrın 1-nə Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 11 milyard 783,5 milyon ABŞ dolları təşkil edib. Bir ayda artım cəmi 0,2 % təşkil edib. Ümumilikdə isə valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 1,5 %, son 1 ildə isə 25,8 % artıb.
“Ehtiyatlarımızda elə kəskin artım olmayıb. Alış yönümlü müdaxilə etməmişik. Ötən dəfə açıqlama verdiyimiz kimi, hökumətin təklifi ilə valyutanı aldıq və sonra onu bazara satdıq. Ehtiyatlarımızın dəyişimi cüzi olub və o da ehtiyatlarımızın idarə edilməsinin nəticəsində yaranıb” – deyə T.Kazımov ötən mətbuat konfransında vurğulamışdı.
Yerigəlmişkən, 2022-2023-cü illərdə Mərkəzi Bankın valyutabazarından xalis valyuta alışı 4,2 milyard ABŞ dolları olub. Bu o deməkdir ki, bu illərdə valyuta hərraclarında təklif tələbi üstələyib və 4,2 milyard ABŞ dollara bazarda tələb olmadığı üçün Mərkəzi Bank tərəfindən alınıb ki, məzənnəyə möhkəmlənmə təzyiqi olmasın.
“Mərkəzi Bankın ehtiyatları azala və arta bilər. Valyuta ehtiyatlarının azalması əsasən sterilizasiya məqsədilə ilə bağlı olur. Manatı cəlb edilməsində maliyyə alətlərimizdən istifadə edirik, not buraxırıq, repo edirik və s. Bu isə faiz xərci yaradır. Başqa alətlərdən biri də valyutanın satışıdır ki, bu yolla bazardan manatı cəlb edək. Ehtiyatlarda artım olanda o deməkdir ki, bazarda izafi valyuta təklif varsa, valyuta tarazlığını qorumaq üçün həmin valyutanı alırıq. 6 ayda artım cəmi 1,1 faiz olub. Ötən altı ayda cüzi artım isə ehtiyatların idarə edilməsindən formalaşıb”.
Beləliklə, gözlənilən manatla likvidliyin sterilizasiyası məqsədilə Mərkəzi Bank öz ehtiyatları hesabına valyuta satışları aparmaq imkanlarını nəzərdən keçirir. Bu dövlətin valyuta ilə ödənişlərini həyata keçirməsinə də kömək edəcək. Çünki dövlətin birbaşa valyuta komponentli xərcləri (xarici borc və s.) ötən ilin eyni dövrü ilə müqayisədə artıb. Üstəlik idxal üzrə qabaqcadan ödənişlərin artması müşayiət olunub. Qeyd edək ki, bu dövrdə dövlət büdcəsinin xərcləri 10,4 % artıb. Burada isə həm Qarabağda aparılan tikinti, həm də Bakıda keçiriləcək COP29 tədbirinin böyük rolu var.