Azərbaycanın bank sektorunun aktivləri 9 % artıb
Bu il avqustun 1-nə Azərbaycanın bank sektorunun aktivləri 49 milyard 89,3 milyon manat təşkil edib.
ENA.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il avqustun 1-i ilə müqayisədə 9,4 % çoxdur.
Bankların aktivlərinin 24 milyard 199,5 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 20,3 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 44,8 %-dən 49,3 %-ə qalxıb.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 9,8 % artaraq 42 milyard 874,3 milyon manata, o cümlədən depozit portfeli 8 % artaraq 34 milyard 381,3 milyon manata çatıb. Bunun 13 milyard 661 milyon manatı fiziki, 20 milyard 720,3 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 9,9 % artıb, şirkətlərin banklardakı vəsaitləri isə 6,7 % artıb.
Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 2,4 dəfə azalaraq 44,8 milyon manat olub.
Sektorun balans kapitalı isə 6,4 % artaraq 6 milyard 215 milyon manat təşkil edib.