ƏDV-nin qaytarılması üçün yeni kassalar quraşdırılır
Ticarət müəssisələrində yeni nəsil kassa aparatlarının quraşdırılmasına başlanılıb və yaxın zamanlarda bu proses başa çatdıqdan sonra vergi yoxlamalarına ehtiyac qalmayacaq. Bu, həm də istehlakçılar tərəfindən pərakəndə ticarət şəbəkələrindən və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) geri qaytarılmasına imkan verəcək.
"BI" xəbər verir ki, artıq bir neçə yanacaqdoldurma məntəqəsində real vaxt rejimində işləyən kassa aparatları quraşdırılıb.
Yəni kassa aparatına çek vurulan zaman həmin göstəricilər Vergilər Nazirliyinin bazasında görünür. Hələlik aparatlar test rejimində çalışır və onların kütləvi şəkildə istifadəsi zamanı hansı sorğuların ortaya çıxacağı araşdırılır.
Vergilər nazirinin müavini Sahib Ələkbərovun sözlərinə görə, ƏDV-nin geri qaytarılması yeni kassa aparatları quraşdırılan yerdəki əməliyyatlar zamanı mümkün olacaq.
“Ümid edirik ki, həm alıcılarımız, həm satıcılar bunda maraqlı olduqlarından nəzarət kassalarının tətbiqinə tez başlayacaqlar”, - deyə nazir müavini vurğulayıb.
Onun sözlərinə görə, alıcılar post-terminal vasitəsilə ödəniş aparanda ƏDV-nin 15 faizi, nəzarət kassa aparatından ödəniş etdikdə isə 10 faizi onların hesabına geri qayıdacaq.