Ən böyük rəqəmsal şirkətləri tədbirə toplayan Bayden: "İş axtarıram"
100-ə yaxın rəqəmsal məzmun istehsalçısı və sənaye peşəkarı Ağ Evin Rəqəmsal Strategiya Ofisi tərəfindən ilk dəfə təşkil edilən "Məzmun Yaradıcı İqtisadiyyat Konfransı"nda bir araya gəlib.
Rəqəmsal məzmun istehsalı iqtisadiyyatında məxfilik, ədalətli ödəniş, süni intellekt və psixi sağlamlıq kimi mühüm məsələlərin müzakirə edildiyi konfransda ABŞ prezidenti Co Bayden də iştirak edib.
İştirakçılarla ilk olaraq selfi çəkən Bayden məzmun prodüserlərinə “Gələcək sizsiniz” deyib.
Bu günlərdə daha çox insanın məzmun istehsalı işinə girmək istədiyini ifadə edən Bayden, məzmun istehsalı iqtisadiyyatının dəyərinin 250 milyard dollar olduğunu və önümüzdəki bir neçə ildə bunun iki dəfə artacağının gözləndiyini bildirib.
Bayden, məzmun yaradıcılarının ünsiyyət tərzinin bütün dinamikanı dəyişdirəcəyini düşündüyünü vurğulayaraq, iştirakçılarla zarafat edib, “Buna görə sizi Ağ Evə dəvət etdim, çünki iş axtarıram”.
Goldman Sachs-ın təhlilinə görə, 2027-ci ilə qədər məzmun istehsalı iqtisadiyyatının həcminin yarım trilyon dollara yaxınlaşa biləcəyi proqnozlaşdırılır.
Bildirilir ki, ekosistem böyüdükcə 2023-cü ildə 250 milyard dollar olan məzmun istehsalı iqtisadiyyatının ümumi bazar həcmi növbəti 5 ildə təxminən iki dəfə artaraq 2027-ci ildə 480 milyard dollara çata bilər.
Dünyada təxminən 50 milyon insanın məzmun istehsalçısı olduğu qeyd edilir.