Avtomobil

Taksi fəaliyyəti üçün avtomobillərin yaşının 8 ildən az olmasına dair tələbə aydınlıq gətirilib

1 iyul 2024-cü il tarixindən sonra taksi fəaliyyətinə icazə almaq üçün avtomobillərin yaşının 8 ildən az olmasına dair tələb Nazirlər Kabinetinin “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”inə dair 27 mart 2024-cü il tarixli qərarında əksini tapıb.

Qərara əsasən, taksi minik avtomobilləri ən azı “avro-5” ekoloji standartına uyğun olmalıdır.

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitəsinə buraxılış kartı verilməyəcək.

Eyni zamanda dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz.

Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) bu gün yaydığı məlumatda bildirilib ki, 1 iyul 2024-cü il tarixindən sonra taksi fəaliyyətinə icazə almaq üçün avtomobillərin yaşı 8 ildən az olmalıdır. 1 iyul 2024-cü il tarixinədək müraciət edənlərə bu tələb tətbiq edilmir. Vətəndaşın avtomobili 2012-ci il istehsalıdırsa, 1 iyul 2024-cü il tarixinə kimi icazə üçün müraciət edibsə, 3 illik icazə ala biləcək. Bu halda rəng tələbi tətbiq edilmir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)