Azərbaycan dili bacarıqları üzrə sertfikat alanlar bəzi imtahanlardan azad olunacaq
Azərbaycan dili bacarıqları üzrə imtahan verərək sertfikat alanlar müəyyən imtahanlardan azad olunacaq.
Bunu “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı proqram və imtahan modelinin təqdimatı zamanı Dövlət İmtahan Mərkəzinin direktorlar Şurasının sədri Məleykə Abbaszdə deyib.
O bildirib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən mütəxəssisləri ilə birgə “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı proqram və imtahan modeli işlənib hazırlanıb:
“Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” ölkədə və ölkədən kənarda azərbaycanca öyrənənlər, öyrədənlər, təlim materialları hazırlayanlar və imtahan təşkil edənlər üçün əsas məqamları, məqsədləri, səviyyələrə və bacarıqlara görə təlim nəticələrini, imtahan prosesini, dilin tədrisi mövzularını, dil təlimi standartlarını müəyyən çərçivəyə salan bir proqram kimi hazırlanıb. Belə bir proqramın hazırlanması və imtahanın keçirilməsi Azərbaycan dilini öyrənənlərin dil bacarıqlarının beynəlxalq standartlar əsasında ölçülməsini təmin edəcək”- deyə o bildirib.
Sədr əlavə edib ki, DİM tərəfindən keçiriləcək imtahanlarda iştirakçılara sertifikat veriləcək. Gələcəkdə sertifikatların müvafiq səviyyələrinə malik olanların həmin sertifikatın qüvvədə olduğu müddətdə Azərbaycan dili ilə bağlı müəyyən imtahanlardan azad olunması və buna uyğun normativ hüquqi bazanın yaradılması nəzərdə tutulur.
Xatırladaq ki, “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı proqram artıq Əqli Mülkiyyət Agentliyi tərəfindən qeydiyyatdan keçirilib və müstəsna istifadə hüquqlarının Dövlət İmtahan Mərkəzinə məxsus olduğunu təsdiq edən şəhadətnamə verilib.