Gündəm

Yasamalda “Ətçilər” adlanan ərazi sökülür

Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində “Ətçilər” adı ilə tanınan ərazi ləğv edilir. 

ENA.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Artıq sözügedən küçədəki ticarət və iaşə obyektlərinin söküntüsünə başlanıldığı, 20-dən artıq kafenin söküldüyü bildirilir.

Məsələ ilə əlaqədar Modern.az-a açıqlama verən Yasamal Rayon İcra Hakimiyyətinin rayon təsərrüfat şöbəsinin müdiri Cəmil Qarayev məlumatı təsdiqləyib: “Bəli, doğrudur. Hazırda illər öncə qanunsuz fəaliyyət göstərən, antisanitar vəziyyət yaradan kafe, ət kəsimi yerlərinin söküntüsü gedir. Söküntü işləri aparılır, ərazi təmizlənir, piyadalar üçün şərait yaradılır”. 

Şöbə müdiri qeyd edib ki, sökülən kafe, ət kəsim yerlərinə yenidən istifadə üçün icazə verilməyəcək: “Bura tam qanunsuz, zəbt olumuş ərazilərdir. Burada heç vaxt kafe nəzərdə tutulmayıb. Ərazi təmizlənib nəzarətə götürüləcək”. Qeyd edək ki, sözügedən ərazidə ət satışı ilə yanaşı kababxana və kafelər də fəaliyyət göstərirdi. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)