Azərbaycanda bu şəxslərin pensiya yaşı azaldıldı – DƏYİŞİKLİK
Nazirlər Kabineti “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na dəyişiklik edib. Yeni dəyişikliklər ilə güzəştli şərtlər ilə pensiyaya çıxma hüququ olan vətəndaşların siyahısı genişləndirilib.
ENA.az xəbər verir ki, deputat Vüqar Bayramov öz “Facebook” hesabında yeni dəyişikliyi şərh edib.
Belə ki, neft mədənlərində, neftin saxlanılması və ötürülməsi sahəsində nəzarət-ölçü cihazları və avtomatika qurğularının təmiri və xidməti işləri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər, əsas istehsalat sahələrində neft-mədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə məşğul olan təmirçi çilingərlər, əmtəə operatorları, nasos qurğularının maşinistləri, dəniz özüllərində, estakadalarda stasionar kranların kran maşinistləri, qazın yığılması üzrə operatorlar, qazpaylayıcı stansiyanın operatorları daha tez pensiyaya çıxa biləcəklər.
Deputatın fikrincə, uşaqların sayına görə qadınların pensiya yaşının mütənasib azaldılması da məqsədəuyğundur. Belə hüququn 5 uşağı deyil, 3 və daha artıq övladları olan qadınlara şamil olunması daha məqsədəuyğun olardı. Bu, həmin vətəndaşların sosial təminatının daha da gücləndirilməsinə xidmət edərdi.